Yuxarı

Baş nazirin müavini: "Ermənistan öz işğalçılıq siyasətindən əl çəkmir, qəbul olunmuş qətnamələrə məhəl qoymur"

Ermənistanın tutduğu qeyri-konstruktiv mövqe nəticəsində 20 il ərzində Qarabağ münaqişəsi həll edilməyib

Bakı. 11 iyun. REPORT.AZ/ Azərbaycanın baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov ölkədə səfərdə olan Meksika Senatının xarici əlaqələr komitəsinin sədri xanım Qabriela Kuevas Barronu qəbul edib. Komitədən "Report"a verilən məlumata görə, görüşdə Meksikanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Xuan Rodriqo Labardini Flores də iştirak edib.

Əli Həsənov hələ 2012-ci ildə Meksikaya rəsmi səfərini xatırladaraq, iki ölkələrimiz arasında müxtəlif istiqamətlərdə əlaqələrin inkişafının məmnunluq doğurduğunu vurğulayıb, Mexiko şəhərində Meksika-Azərbaycan Dostluq Parkının, burada ümummilli lider Heydər Əliyevin abidəsinin və Tlakskoake-Xocalı meydanının açılışı mərasimində Mexiko şəhər rəhbərliyi və əhalisinin nümayiş etdirdiyi xoş münasibət haqqında danışaraq təəssüratlarını bölüşüb.

Baş nazirin müavini həmçinin Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və Xocalı soyqırımının baş verməsini təsdiq edən qətnamənin 2011-ci ilin dekabr ayında Meksikanın Deputatlar Palatası tərəfindən qəbul edildiyinə toxunaraq, nümayiş etdirilmiş prinsipal və ədalətli mövqeyə görə Azərbaycan hökuməti adından dərin təşəkkürünü bildirib.

Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri, nəticələri, onun yaratdığı problemlər, qaçqın və məcburi köçkünlərin bugünkü vəziyyəti, onların sosial problemlərinin həlli istiqamətində Azərbaycan dövləti tərəfindən görülən işlər barədə ətraflı məlumat verən Əli Həsənov Ermənistan silahlı qüvvələri tərəfindən ərazimizin 20 faizinin işğal olunduğunu, bir milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkünə çevrildiyini, Ermənistanın tutduğu qeyri-konstruktiv mövqe nəticəsində 20 il ərzində bu problemin həll edilmədiyini diqqətə çatdırıb.

O, Azərbaycan xalqının sülhsevər olduğunu, bu gün Azərbaycandakı tolerantlıq ənənələrinin dünyanın bir çox ölkələri üçün nümunə olduğunu, ölkəmizin Avropanın ən böyük mədəni tədbirlərindən olan “Avroviziya” mahnı müsabiqəsinə, bu gün isə tarixdə ilk dəfə keçirilən “Bakı 2015” Birinci Avropa Oyunlarına ev sahibliyi etdiyini bildirib.

Azərbaycanın münaqişənin də sülh yolu ilə həllində maraqlı olduğunu bildirən baş nazirin müavini qeyd edib ki, BMT Təhlükəsizlik Şurası, ATƏT, Avropa Şurası, İKT və digər nüfuzlu beynəlxalq təşkilatlar təcavüzkar Ermənistanın işğal etdiyi torpaqları azad etməsi barədə qərar və qətnamələr qəbul etməsinə baxmayaraq, Ermənistan bu gün də işğalçılıq siyasətini davam etdirməkdədir. Rəsmi Bakı münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında, sülh yolu ilə həllinə tərəfdardır və bu siyasəti dəyişməz olaraq qalır. Lakin terroru dövlət səviyyəsində dəstələyən Ermənistan öz işğalçılıq siyasətindən əl çəkmir, ərazilərin azad edilməsi, qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması ilə bağlı qəbul olunmuş qətnamələrə məhəl qoymur.

Azərbaycan tərəfi müntəzəm olaraq müxtəlif ölkələrdən olan nüfuzlu nümayəndə heyətləri ilə keçirilən bütün görüşlərdə ölkənin bir nömrəli problemi olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və onun nəticəsində yaranmış qaçqın və məcburi köçkün problemini ətraflı müzakirə etməsinə baxmayaraq dünya birliyi bu ədalətsizliyə hələ də göz yumur. Bütün bunlar isə beynəlxalq aləmdə ikili standartların mövcud olduğunu göstərir.

Xanım Qabriela Kuevas Barron Azərbaycanda olduğu müddətdə ölkədə demokratik dəyərlərin yüksək qiymətləndirildiyini, Azərbaycan iqtisadiyyatının sürətlə inkişaf etdiyinin şahidi olduğunu söyləyib. Azərbaycanın hər gün mühüm beynəlxalq tədbirlərin keçirildiyi bir məkana çevrilməsindən heyran qaldığını bildirib, “Bakı 2015” Birinci Avropa Oyunlarının da uğurla keçiriləcəyinə əminliyini ifadə etmiş və bu münasibətlə Azərbaycan xalqını təbrik edərək idmançılarımıza uğurlar arzulayıb. O, Bakıda səfərdə olduğu müddətdə Meksika nümayəndə heyətinə göstərilmiş qonaqpərvərliyə görə minnətdarlığını bildirib.

Meksikalı senator həmçinin Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ərazilərinin işğal edilməsi məsələsinə toxunaraq, Azərbaycan xalqının olduqca tolerant olduğunu, regionda və Avropanın enerji təhlükəsizliyi məsələsində xüsusi rol oynayan Azərbaycanın iqtisadi və hərbi potensialına baxmayaraq, ölkənin indiyədək bu münaqişənin diplomatik vasitələrlə və danışıqlar yolu ilə həll edilməsinə üstünlük verdiyini qeyd edib.

Görüşdə iki ölkə arasında qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi