Baş nazirin müavini: “Dövlət bundan sonra da tikinti sektoruna dəstək verməkdə maraqlıdır”

Baş nazirin müavini: “Dövlət bundan sonra da tikinti sektoruna dəstək verməkdə maraqlıdır” Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiya Komissiyası tikinti şirkətlərinin nümayəndələri ilə görüş keçirib
Daxili siyasət
27 Aprel , 2017 10:45
Baş nazirin müavini: “Dövlət bundan sonra da tikinti sektoruna dəstək verməkdə maraqlıdır”
Report.az

Bakı. 27 aprel. REPORT.AZ/ Bakıda Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiya Komissiyası tikinti sektorunda fəaliyyət göstərən şirkətlərin nümayəndələri ilə görüş keçirib.

“Report”un xəbərinə görə, görüşdə komissiyasının sədri, baş nazirin müavini Əli Əhmədov, komissiyasının üzvü, Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, komissiyasının üzvü, Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov iştirak edib.

Çıxış edən komissiyasının sədri, baş nazirin müavini Əli Əhmədov deyib ki, Azərbaycan hökumətinin həyata keçirdiyi siyasətdə tikinti sahəsinə böyük önəm verilir. Bunu tikinti sahəsində çalışanlar hiss edirlər: “Ölkədə abadlıq, quruculuq işlərinin aparılmasında tikinti şirkətlərinin böyük rolu var. Dövlət bundan sonra da tikinti sektoruna dəstək verməkdə maraqlıdır. Artıq Azərbaycanda möhkəm dayaqlara söykənən tikinti şirkətləri var”.

Onun sözlərinə görə, Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiya Komissiyası yaradılarkən qarşıya bir neçə məqsəd qoyulub: “Prezident İlham Əliyevin komissiyasının yaradılması ilə bağlı sərəncamına uyğun olaraq işlər görülür. Azərbaycan iqtisadiyyatı ötən dövr ərzində 3,5 dəfə artıb. Bu iqtisadi yüksəliş sosial problemlərinin həll edilməsi üçün baza yaradıb. Azərbaycanda xeyli sayda iş yerləri açılıb, bunun sayı milyon yarımdan çoxdur. Yoxsulluğun səviyyəsi aşağı düşüb, dünyada heç kəsin nail olmadığı göstəriciyə nail olunub, yoxsulluğun səviyyəsi 49 faizdən 5 faizə düşüb. İşsizliyin səviyyəsi 6 faizə düşüb. Digər sahələrdə də inkişaf var. Azərbaycan 10-12 ilki vəziyyətindən fərqlənir. Bu da hər bir vətəndaş üçün rahat şəraitin yaradılması deməkdir”.

Ə.Əhmədov qeyd edib ki, neft amili bir neçə il əvvəl oynadığı rolu oynamır: “Bilirsiz ki, dünya bazarında neftin qiyməti aşağı düşüb. Azərbaycanda qeyri-neft sektorunda inkişaf davam edir. Bunun da böyük perspektivi var. Artıq Strateji Yol Xəritəsi hazırlanıb. Bu, Azərbaycanı sıçrayışlı inkişafa aparır. Azərbaycanda ən çox sərmaye qoyulan sahə tikinti sahəsidir. 2016-cı il 15 milyard manat sərmayənin 11.4 milyardı tikinti sahəsinə qoyulub. Bunun nəticəsidir ki, tikinti sektoru möhkəmlənir.  Ötən il 1 670 min kvadrat mənzilin tikintisi aparılıb, bu da 13 min mənzil deməkdir. Məktəblər, xəstəxanalar da tikilib. Bu həm dövlətin, həm də biznes sferasında çalışan insanların imkanları hesabına olub. Rəsmi statistikaya əsasən, tikinti sektorunda 343 min nəfər insan çalışır”.

Tədbirin sonrakı hissəsi mətbuat nümayəndələrinə qapalı olub.

Xatırladaq ki, bu ilin əvvəlində Prezident İlham Əliyevin imzaladığı sərəncamla Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiya Komissiyası yaradılıb.

Son xəbərlər

Orphus sistemi