Yuxarı

Baş nazirin müavini: "ABŞ və Avropanın bir çox dairələri Azərbaycana qarşı qarayaxma kampaniyası aparırlar"

Güman etmirəm ki, bu hərəkətlər onu həyata keçirənlərə başucalığı gətirsin

Bakı. 4 may. REPORT.AZ/ “Azərbaycana qarşı qarayaxmalar Avropanın ilk oyunlarının keçirilməsinin üzərinə kölgə sala bilməyəcək”. "Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında baş nazirin müavini, hakim Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi Əli Əhmədov deyib. 

Ə.Əhmədov təəssüflə qeyd edib ki, Azərbaycan xarici dairələrin qarayaxmalarına müəyyən qədər öyrəşib: “Bir neçə il bundan öncə Azərbaycanda mötəbər “Eurovizion” mahnı yarışması keçiriləndə də belə hallarla qarşılaşmışıq. Amma Azərbaycan bu mahnı yarışmasını çox yüksək səviyyədə keçirdi və “Eurovizion” mahnı müsabiqəsi tarixində yeni səhifə yazmağa müyəssər oldu. Artıq İlk Avropa Oyunlarının keçirilməsi üçün zəruri hazırlıq işləri başa çatdırılıb. İştirakçı tərəflər məlumdur və çox az müddətdən sonra onlar öz missiyalarını yerinə yetirəcəklər. Azərbaycanın adı İlk Avropa Oyunlarının keçirildiyi məkan kimi bu oyunların tarixinə yazılacaq”. 

Ə.Əhmədov vurğulayıb ki, I Avropa Oyunlarının keçirilməsi məsuliyyətini öz üzərinə götürmüş Azərbaycana daha diqqətli yanaşılsa, bu, ədalətli olardı: “Amma biz bunun əksini görürük. Bu gün ABŞ, Avropanın bir çox dairələri Azərbaycana qarşı qarayaxma kampaniyası aparırlar. Onlar Azərbaycanın gördüyü bu işin üzərinə kölgə salmağa çalışırlar. Bütün bunların hamısı nə qədər ikili standartların təzahürü olsa da, Azərbaycanın haqq işini həyata keçirməsinə maneə ola bilməyəcək. Biz öz işimizi görürük və üzərimizə götürdüyümüz öhdəliyi layiqincə yerinə yetiririk. Kim buna hansı gözlə baxırsa, öz işidir. Güman etmirəm ki, bu hərəkətlər onu həyata keçirənlərə başucalığı gətirsin. Görünən odur ki, onlar daxilən belə missiyalarını həyata keçirməyə kökləniblər, həmişə belə işlərlə məşğul olurlar”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi