“Günəşli” yatağında qəzada itkin düşən və həlak olanların ailələrinə 15 min manat ödəniləcək

“Günəşli” yatağında qəzada itkin düşən və həlak olanların ailələrinə 15 min manat ödəniləcək Baş nazir “Günəşli” yatağında baş vermiş qəza ilə əlaqədar sərəncam imzalayıb
Daxili siyasət
10 Dekabr , 2015 18:14
“Günəşli” yatağında qəzada itkin düşən və həlak olanların ailələrinə 15 min manat ödəniləcək

Bakı. 10 dekabr. REPORT.AZ/ Bu gün Azərbaycanın baş naziri Artur Rasi-zadə “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəza ilə əlaqədar sərəncam imzalayıb.

Bu barədə "Report"a Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.

Sənəddə deyilir ki, Azərbaycan Prezidentinin 2015-ci il 5 dekabr tarixli sərəncamının icrasını təmin etmək məqsədilə “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəza ilə əlaqədar yaradılmış Dövlət Komissiyasının təkliflərini nəzərə alaraq, qəza nəticəsində həlak olanların və itkin düşənlərin hər birinin ailəsinə Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan 15 min manat məbləğində birdəfəlik maddi yardım ödənilsin.

Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə qəza nəticəsində həlak olanların və itkin düşənlərin ailələrinə və xəsarət alanlara nəzərdə tutulmuş təminatların ödənişini müvafiq qanunvericiliyə uyğun olaraq həyata keçirmək, habelə xəsarət alanların müalicəsi, reabilitasiyası və digər məsələlərlə bağlı zəruri tədbirlər görmək tapşırılıb.

Sərəncamda Maliyyə Nazirliyinə tapşırıq verilib ki, Dövlət Komissiyasının təqdim etdiyi siyahıya uyğun olaraq, göstərilən birdəfəlik maddi yardımın həlak olanların və itkin düşənlərin ailələrinə ödənilməsini təmin etsin. Həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birlikdə qanunvericilik aktlarından irəli gələn öhdəliklərin işəgötürən qismində Dövlət Neft Şirkətinin bağladığı sığorta müqavilələrinin yerinə yetirilməsi üçün tədbirlər görsün.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Son xəbərlər

Orphus sistemi