Baş məsləhətçi: Güllücə kəndinin 389 hektar ərazidə salınması nəzərdə tutulub

Baş məsləhətçi: Güllücə kəndinin 389 hektar ərazidə salınması nəzərdə tutulub Ağdam rayonunun yeni təməli qoyulan Güllücə kəndinin ilkin olaraq 389 hektar ərazidə yerləşməsi nəzərdə tutulub.
Daxili siyasət
30 May , 2024 11:17
Baş məsləhətçi: Güllücə kəndinin 389 hektar ərazidə salınması nəzərdə tutulub

Ağdam rayonunun yeni təməli qoyulan Güllücə kəndinin ilkin olaraq 389 hektar ərazidə salınması nəzərdə tutulub.

"Report"un Ağdama ezam olunan əməkdaşının xəbərinə görə, bu barədə məlumatı Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəliyinin baş məsləhətçisi Ümid İsazadə verib.

Baş məsləhətçi bildirib ki, Güllücə kəndində ümumilikdə 1042 evin tikilməsi nəzərdə tutulub. Lakin birinci mərhələdə kənd üçün ayrılan ərazinin 225 hektarında 113 fərdi yaşayış evinin inşası nəzərdə tutulub. Həmin evlərdən 22-si iki, 57-si üç, 28-i dörd, 6-sı isə beşotaqlı olacaq.

Ü.İsazadə qeyd edib ki, Güllücə kəndində 480 şagird yerlik məktəb və 120 yerlik uşaq bağçası inşa ediləcək. Onun sözlərinə görə, Güllücə kəndinin inşasına yaxın günlərdə başalanacaq və tikinti işlərinin yüksək keyfiyyətlə başa çatdırılacaq.

Qeyd edək ki, təməlqoyma mərasimində Güllücə kəndinin tam layihələndirilməsi zamanı yaşayış məntəqəsində müasir tələblərə cavab verən və sakinlərin tələbatını ödəyəcək infrastrukturun yaradılacağı Prezident İlham Əliyevə məruzə olunub.

Belə ki, Güllücə kəndində tibb məntəqəsi, klub-icma mərkəzi, ticarət mərkəzi, bazar, idman-sağlamlıq mərkəzi, inzibati bina, çoxfunksiyalı bina (poçt, bank filialı, ofis), mal-qara ferması, yanğınsöndürmə deposu, kənd meydanı, Bayraq meydanı, çörək sexi inşa olunacaq. Burada həmçinin kənd təsərrüfatı texnikasının və maşınlarının təmir müəssisəsi, süd qəbulu və süd məhsulları istehsalı, quru meyvə istehsalı, ət kəsimi və qablaşdırılması sahələri, qarışıq yem istehsalı, barama tədarükü və qurdayırma məntəqələri, mineral gübrələr və kimyəvi maddələr anbarı, muzey, mehmanxana, xalça istehsalı sahəsi, işçi geyimlərinin istehsalı sahəsi, taxta taraların istehsalı sahəsi, dulusçuluq və suvenir istehsalı emalatxanası, bal qablaşdırılması sahəsi, üzüm emalı zavodu, şirniyyat sexi, taxıl anbarı, suvarmada istifadə olunan elektrik mühərriklərinin və avadanlıqlarının təmiri sahəsi, yanacaqdoldurma məntəqəsi də yaradılacaq.

Son xəbərlər

Orphus sistemi