Bakıda daha 380 ədəd konteyner meydançası yaradılıb

Bakıda daha 380 ədəd konteyner meydançası yaradılıb Bakıda ingilis layihəsinin tətbiqi uğurla davam edir
Daxili siyasət
22 Fevral , 2021 14:20
Bakıda daha 380 ədəd konteyner meydançası yaradılıb

Artıq xeyli müddətdir ki, Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamenti tərəfindən Böyük Britaniyanın Mott MacDonald şirkəti ilə birgə hazırlanmış bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin ən müasir səviyyədə təşkil edilməsi ilə bağlı pilot layihənin paytaxtın Nərimanov rayonunda icrası uğurla həyata keçirilir.

Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən "Report"a bildirilib ki, görülən işlərinin yüksək səviyyədə aparılması nəticəsində keçən müddət ərzində xeyli irəliləyişlər əldə olunub. Bununla əlaqədar müqavilə şərtlərinə uyğun olaraq mart ayının 1-dən etibarən paytaxtın Nizami rayonunun da bu layihəyə qoşulması qərara alınıb.

Layihənin tədbiqinə hazırlıqla bağlı Nizami rayonunda 380 ədəd konteyner meydançası yaradılıb, bura 2 rəngdə - yaşıl və narıncı rəngdə yeni, müasir konteynerlər quraşdırılıb. Sakinlərin rahatlığı üçün ilkin mərhələdə Bakı Şəhər və Nizami Rayon İcra Hakimiyyətlərinin əməkdaşları, bələdiyyə, təsərrüfat xidmətləri, gənclər və “Regional İnkişaf” İctimai Birliyinin könüllülər bu işlərə cəlb edilərək hər mənzilə 2 cür yaşıl və narıncı çeşidləyici paketlər və izahedici bukletlər paylanılır, bloklara, həyətlərə, binalara maarifləndirici posterlər yapışdırılır. Əraziyə cavabdehlər təyin olunub və təbliğat və izahetmə işlərinin KİV-lərdə də aparılmasına başlanılıb.

Hazırlıq işləri çərçivəsində Nizami rayonunun kommunal xidmət əməkdaşları Nərimanov rayonunda bu layihənin uğurlu tətbiqinin təcrübəsi və Monitorinq Mərkəzinin fəaliyyəti ilə yaxından tanış olublar. Burada tullantıların kompozisiya tərkibinin araşdırılmasının aparılması gələcəkdə görüləcək işlərə proqnoz verilməsinə kömək olacaqdır.

Qeyd olunub ki, ətraf mühitin çirklənmədən qorunması çox mühüm əhəmiyyət kəsb edən bu layihənin uğurla həyata keçirilməsi və paytaxt sakinlərinə göstərilən xidmətlərin səviyyəsinin daha da artırılması məqsədi ilə ölkə başçısının ayırdığı maliyyə vəsaiti hesabına Bakı şəhər kommunal təsərrüfatı xidmətləri üçün 57 ədəd kommunal təyinatlı müasir avtonəqliyyat vasitələri və mexanizmlər alınıb. Yeni texnikaların tətbiqi əhaliyə göstərilən kommunal xidmətlərin səviyyəsini yüksəldərək kommunal xidmətlərin mövcud avtoparkının yeniləşməsinə böyük kömək olmuşdur.

Layihənin uğurla həyata keçirilməsi şəhərimizin təmiz saxlanılmasına, gözəlləşməsinə, ətraf mühitin və sağlamlığınızın qorunmasına, yeni ekoloji, sanitar mədəniyyətin formalaşmasına və iqtisadi səmərə əldə olunmasına xidmət edəcək.

Son xəbərlər

Orphus sistemi