Bahar Muradova: “İslam həmrəyliyi ili” elan edilməsi ziddiyyətlərin aradan qaldırılmasına yönələn təşəbbüsdür"

Bahar Muradova: “İslam həmrəyliyi ili” elan edilməsi ziddiyyətlərin aradan qaldırılmasına yönələn təşəbbüsdür" "Bu gün İslam ölkələrinə qarşı qəsdlərin ölkəmizdən yan keçəcəyini düşünmək sadəlövhlük olardı"
Daxili siyasət
102
24 Yanvar , 2017 20:42
Bahar Muradova: “İslam həmrəyliyi ili” elan edilməsi ziddiyyətlərin aradan qaldırılmasına yönələn təşəbbüsdür

Bakı 24 yanvar. REPORT.AZ/ "Prezident İlham Əliyev tərəfindən 2017-ci ilin Azərbaycanda “İslam həmrəyliyi ili” elan olunması ölkənin İslam dünyasındakı nüfuzundan və hörmətindən qaynaqlanır".

"Report" xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və “Azərbaycan” qəzetinin “İslam həmrəyliyi ili” ilə əlaqədar keçirdiyi birgə “dəyirmi masa”da Milli Məclisin deputatı, Milli Məclis sədrinin müavini Bahar Muradova deyib.

O bildirib ki, “İslam həmrəyliyi ili” elan edilməsi haqqında sərəncam mühüm tarixi əhəmiyyət daşımaqla bərabər, zamanın böyük probleminə çevrilmiş İslam ölkələri arasında ziddiyyətlərin aradan qaldırılmasına, həmrəyliyin formalaşdırılmasına yönələn səmimi təşəbbüsdür: "İslama, eləcə də digər dinlərə mənsubiyyətindən asılı olmayaraq bütün xalqlar, dövlətlər arasında həmrəyliyə ehtiyac var. Dünyanın ziddiyyətlər içində boğulduğu və fəlakətlərin baş verdiyi şəraitdə həmrəylik təşəbbüsünün göstərilməsi aktual məsələ kimi ortaya çıxır. Son dönəmdə ölkələrin konstitusiya əsaslarının sarsıdılması, suveren dövlətlərin Yer üzündən silinməsi və onların təbii ehtiyatlarına, potensialına sahib olmaq istiqamətində məlum qüvvələr tərəfindən səylər artıb və bu hal bəşəriyyət üçün də ciddi təhlükəyə çevrilib. İslam ölkələrinin “domino effekti” ilə bir-birinin ardınca çökməsi və çökdürülməsi yönümündəki cəhdlər və acınacaqlı nəticələr bunu sübut edir".

B.Muradova deyib ki, Azərbaycan uzun əsrlərdən bəri İslam sivilizasiyasının əsas mərkəzlərindən biri olub, İslam dininin yayılmasında və eyni zamanda müsəlman intibahının bərqərar olmasında mühüm rol oynayıb: "Hesab edirəm ki, bu gün İslam ölkələrinə yönəlik qəsdlərin ölkəmizdən yan keçəcəyini düşünmək, bir növ, sadəlövhlük olardı. Bu mənada Azərbaycanı da öz maraqlarına uyğun idarə etmək üçün canfəşanlıq göstərən müəyyən qüvvələrin qeyri-sağlam niyyətlərinə tutarlı cavab olaraq belə bir mühüm təşəbbüsün irəli sürülməsini hamımız üçün real olan təcavüzkar çağırışların önlənməsi, İslam dininə sitayiş edən ölkələr və xalqlar üçün ortaq dəyərlərin qorunub saxlanması, həmçinin bizə qarşı baş qaldıra biləcək təhlükələrdən sığortalanmaq yolunda mühüm addım kimi qəbul etmək lazımdır. Lakin burada vacib bir məqama diqqət yetirmək lazımdır. Bu gün bizim həmrəylik çağırışımızı dünyanın digər hissəsinə qarşı çağırış kimi də qəbul edənlər ola bilər. Düşünürəm ki, biz bu ideya ətrafında təkcə xaos, ziddiyyət, müharibələr və məzhəb qarşıdurmasına sürüklənmiş İslam dünyasının yox, dünyadakı vəziyyəti dəyişmək, sülh və əmin-amanlıq şəraitində yaşamaq niyyəti olan dövlətlərin, xalqların, müxtəlif dinlərin nümayəndələrini cəlb etməyə çalışmalıyıq". 

Son xəbərlər

Orphus sistemi