Yuxarı

​Bahar Muradova: "İndiki gənclər həyatın bütün sahələrinə nüfuz edəcək güc halına gəliblər"

Milli Məclisdə İdarəetmədə islahatlar və gənclik mövzusunda tədbir keçirilib

Bakı. 2 fevral. REPORT.AZ/ "Azərbaycan öz müstəqilliyini elan etdikdən sonra ağır proseslərlə üzləşmişdi. Ağır proseslər daha çox ölkə gəncliyini təhdid edirdi".

"Report" xəbər verir ki, bunu Milli Məclisin sədr müavini, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova "2 Fevral- Gənclər Günü" ilə bağlı parlamentdə "İdarəetmədə islahatlar və gənclik": Gənclər Milli Məclisdə mövzusunda keçirilən tədbirdə deyib.

O bildirib ki, bütün ölkələrdə müsbət və mənfi məcrada hərəkət edən proseslərdə gəncliyin nümayəndələri iştirak edirlər: "Azərbaycanda da müxtəlif dairələr məhz gənclərin imkanlarından bəhrələnmək istəyirdi. Elə buna görə də müstəqilliyin ilk illərində Azərbaycan gəncliyinin gündəlik həyatı, gələcək perspektivləri təhdidlərə məruz qalırdı. Lakin ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı mövcud problemlərin həllində xüsusi rol oynadı". 

Sədr müavini vurğulayıb ki, Azərbaycan gəncləri ildən-ilə "2 Fevral - Gənclər Günü"nü daha böyük uğurlarla qarşılayıb inamla yola salırlar: "Bu gün ölkədə gənclik adına görülən bütün işlər Azərbaycan dövlətinin mənafeyinə və maraqlarına xidmət edir. Əsas odur ki, qarşıya qoyulan hədəflərə daha sürətlə çatırıq".

B.Muradova qeyd edib ki, Azərbaycanda gənclərin bütün istiqamətlərdə fəaliyyət göstərmələri üçün geniş imkanlar yaradılıb: "Bu gün gənclərimiz dövlətdə və cəmiyyətdə öz yerlərini müəyyən ediblər. Artıq gənclər proseslərin ardınca deyil, önündə getməyə başlayıblar. Gəncliyə qoyulan kapital öz səmərəsini verir. Eyni zamanda, bu gün Milli Məclisdə gənclərin çoxluq təşkil etməsi danılmaz faktdır.

"Təcrübəmdən çıxış edərək deyə bilərəm ki, bəzi məsələlərdə bugünkü gənclikdən nümunə götürürəm. Çünki indiki gənclər ideya verir və istiqamətlər göstərir. Hətta indiki gənclər həyatın bütün sahələrinə nüfuz edəcək güc halına gəlib. Bu gücün önündə isə Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi gəlir".

Qeyd edək ki, tədbir Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin (YAP GB) təşəbbüsü ilə baş tutub.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi