Yuxarı

​Azərbaycan müxalifəti Avropa Oyunlarının bağlanış mərasimində iştirak edib

Mərasimə KXCP, Aydınlar Partiyası, AXP, AMİP, VİP, ADP, Azadlıq Partiyasının rəhbərliyi qatılıb

Bakı. 29 iyun. REPORT.AZ/ Azərbaycan müxalifəti "Bakı 2015" I Avropa Oyunlarının bağlanış mərasimində iştirak edib.

"Report" xəbər verir ki, mərasimə Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu, Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev, Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn, Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu, Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Yusif Bağırzadə, Azadlıq Partiyasının sədri Əhməd Oruc və Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli qatılıb.

VİP sədri Əli Əliyev "Report"a açıqlamasına deyib ki, bağlanış mərasimi yüksək səviyyədə keçirilib: "Mərasimdə yüksək təşkilatçılıq, zövq hiss olunurdu. Bu, 18 gün ərzində yaşanan həyəcanın məntiqi sonluğu idi. Ümumilikdə, mərasimlə bağlı fikirlərim müsbətdir". 

Partiya sədri qeyd edib ki, ilk Avropa Oyunları ərzində təhlükəsizlik yüksək səviyyədə təmin olunub və proses uğurla başa vurulub: "Bütün istiqamətlər üzrə nəticələri müsbət qiymətləndirirəm". 

ADP sədri Sərdar Cəlaloğlu "Report"a bildirib ki, bağlanış mərasimi ideyalarla zəngin idi: "Mərasimdə daha çox texnikaya üstünlük verilmişdi. Etiraf etmək lazımdır ki, açılış mərasimi daha yaxşı idi. Bütövlükdə isə mərasimdə milliliyə üstünlük verilməsi müsbət amil kimi qiymətləndirilməlidir".

Azadlıq Partiyasının sədri Əhməd Oruc da Avropa Oyunlarının bağlanış mərasimini yüksək qiymətləndirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi