Azərbaycanın nümayəndə heyəti ATƏT PA-nın yay sessiyasında iştirak edəcək

Azərbaycanın nümayəndə heyəti ATƏT PA-nın yay sessiyasında iştirak edəcək Milli Məclis sədrinin müavini Bahar Muradovnın rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 29-da Tbilisiyə gedəcək
Daxili siyasət
28 İyun , 2016 15:54
Azərbaycanın nümayəndə heyəti ATƏT PA-nın yay sessiyasında iştirak edəcək

Bakı. 28 iyun. REPORT.AZ/ Azərbaycanın ATƏT Parlament Assambleyasındakı (PA) nümayəndə heyəti qurumun Gürcüstan paytaxtı Tbilisidə keçiriləcək 25-ci yay sessiyasında iştirak edəcək. 

Milli Məclisin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, parlament sədrinin müavini, Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Bahar Muradovanın başçılığı ilə deputatlar Azay Quliyev, Ülviyyə Ağayeva, Kamran Nəbizadə, Elşad Həsənov və Tahir Mirkişili sabah Gürcüstanın paytaxtı Tbilisiyə yola düşəcəklər.

“Parlament əməkdaşlığının 25 ili: dialoq vasitəsilə etimadı gücləndirərək” mövzusuna həsr olunan sessiyada öncə Daimi komitə toplaşacaq, sonra plenar iclas başlanacaq.

Sessiya çərçivəsində ATƏT PA-nın Təhlükəsizlik və siyasi məsələlər, İqtisadi məsələlər, elm, texnika və ətraf mühit, Demokratiya, insan hüquqları və humanitar məsələlər üzrə Ümumi komitələrinin iclasları keçiriləcək, bir sıra qətnamə layihələri müzakirə olunacaq.

Qurumun yay sessiyasında Avropanın təhlükəsizliyi, miqrantlar və qaçqınlarla bağlı böhranda gender problemlərinin təhlili, qaçqınların hüquqları, zorakılıq və diskriminasiya ilə mübarizə, neonasizmin baş qaldırmasına yol verilməməsi, uşaqların cinsi istismarına və uşaq ticarətinə son qoyulması üçün hüquq-mühafizə orqanlarının fəaliyyətinin əlaqələndirilməsi kimi məsələlər diqqət mərkəzində olacaq. Gürcüstanda münaqişəyə, Krımda insan hüquq və əsas azadlıqlarının pozulmasına dair müzakirələr aparılacaq. Çernobıl fəlakətinin 30-cu ildönümünə dair sənəd qəbul ediləcək.

Sessiyada ATƏT məkanında qanunun aliliyini təmin etmək məqsədilə korrupsiyaya qarşı mübarizə məsələsi gündəmdə olacaq. ATƏT PA ilə ATƏT arasında münasibətlərin möhkəmləndirilməsinə, Baltik dənizi regionunda əməkdaşlığın dərinləşdirilməsinə xüsusi diqqət yetiriləcək. Böhranlara və münaqişələrə qarşı səmərəli tədbirlərin işlənib hazırlanması istiqamətində ətraflı fikir mübadiləsi aparılacaq.

Milli Məclisin ATƏT PA-dakı nümayəndə heyətinin üzvləri qurumun bütün iclaslarında fəal iştirak edəcək, komitələrdə müzakirəyə çıxarılan məsələlərə ölkəmizin maraqları mövqeyindən münasibət açıqlayacaq, rəy və təkliflərini bildirəcəklər.

Səfər iyulun 6-da başa çatacaq.

Son xəbərlər

Orphus sistemi