Azərbaycanın hakim partiyası Türkiyədə keçirilən parlament seçkilərinə münasibət bildirib

Azərbaycanın hakim partiyası Türkiyədə keçirilən parlament seçkilərinə münasibət bildirib "Bu, Azərbaycanla münasibətlərə təsir etməyəcək"
Daxili siyasət
8 İyun , 2015 15:14
Azərbaycanın hakim partiyası Türkiyədə keçirilən parlament seçkilərinə münasibət bildirib

Bakı. 8 iyun. REPORT.AZ/ Hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov Türkiyədə keçirilən parlament seçkilərinə münasibət bildirib.

S.Novruzov "Report"a açıqlamasında deyib ki, Türkiyədə koalisiya hökuməti qurulacaq. O xatırladıb ki, seçkidə baryeri aşmış partiyalar koalisiya hökumətinin qurulması ilə bağlı məsləhətləşmələr aparır.

YAP rəsmisi vurğulayıb ki, Türkiyədə koalisiya hökuməti yaradılsa belə, Azərbaycanla münasibətlərə təsir etməyəcək: "Azərbaycana münasibətdə hər hansı dəyişiklik ola bilməz. Əksinə, münasibətlər yaxşılığa doğru inkişaf edəcək. Həmişə belə olub, yenə də bu cür olacaq. Ədalət və İnkişaf Partiyası hakimiyyətdə olana qədər istər Doğru Yol Partiyası, istərsə də Ana Vətən Partiyası hakimiyyətdə olub və onlar Azərbaycana qarşı həmişə normal münasibətlər bəsləyiblər. Ümummilli lider Heydər Əliyevin təbirincə desək, Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir. Burada başqa məsələdən söhbət gedə bilməz".

S.Novruzov qeyd edib ki, Türkiyədə AKP-dən kənar koalisiya yaradıla bilməz: "Fikrimcə, Milliyətçi Hərəkat Partiyası ilə Ədalət və İnkişaf Partiyası koalisiya yaradacaqlar. Başqa bir koalisiya formalaşmış olsa belə, yenə də Azərbaycanla Türkiyə münasibətləri normal qalacaq".

Xatırladaq ki, iyunun 7-də Türkiyə keçirilən parlament seçkilərində Ədalət və İnkişaf Partiyası (AKP) – 40,85%, Cümhuriyyət Xalq Partiyası (CHP) – 24,96%, Milliyətçi Hərəkat Partiyası (MHP) – 16,30%, Xalqların Demokratiya Partiyası (HDP) – 13,10% səs toplayıb.

Son xəbərlər

Orphus sistemi