Bakı. 1 noyabr. REPORT.AZ/ "Milli Şura adlı qurum olmadığına görə hər hansı mitinq keçirə bilməz. Onlar keçirdiyi mitinqlərdə bəzi məhbusların azadlığa çıxmasını tələb edirlər. Hansı ki, həmin məsələlər hazırda məhkəmə icraatındadır. İstintaqdan qabaq belə bir addımın atılmasını istintaqa təzyiq kimi qiymətləndirirəm".
Bunu "Report"a açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib. O, hazırda keçirilən mitinqlərdə məhbuslarla bağlı səsləndirilən tələblərin yerinə yetirilməsinin mümkünsüz olduğunu qeyd edib: "İstintaq gedir, bu prosesin yekunlaşmasını gözləsinlər. Kim cinayət törədibsə, mütləq cəzasını çəkməlidir. Cəzalandırılan şəxslərin hansısa partiyanın üzvü olmaları onları məsuliyyətdən azad etmir".
S.Novruzovun sözlərinə görə, bəzi beynəlxalq təşkilatlar ictimaiyyəti yönəltmək üçün müxalif qüvvələrdən istifadə edir.
Qeyd edək ki, Milli Şura noyabrın 10-a mitinq təyin edib.