Yuxarı

​Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəsmi saytı yeni dizaynda istifadəyə verilib

Sayt Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın həyatı və ictimai-siyasi fəaliyyətini əks etdirir

Bakı. 26 avqust. REPORT.AZ/ Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəsmi saytı yeni dizaynda istifadəyə verilib. Bu barədə “Report”a Heydər Əliyev Fondunun mətbuat xidmətindən bildirilib. www.mehriban-aliyeva.az ünvanında yerləşən sayt Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın həyatı və ictimai-siyasi fəaliyyətini əks etdirir.

“Xəbərlər”, “Bioqrafiya”, “Fəaliyyət”, “Səfərlər”, “Görüşlər”, “Müsahibələr”, “Çıxışlar” və digər bölmələrdən ibarət olan saytda Mehriban Əliyevanın Heydər Əliyev Fondu və Azərbaycan Gimnastika Federasiyasının prezidenti, Azərbaycan Mədəniyyəti Fondunun rəhbəri, millət vəkili, UNESCO və ISESCO-nun xoşməramlı səfiri kimi fəaliyyəti, çıxışları və müsahibələri, eləcə də həyatına dair müxtəlif məlumatlar, foto və videolar izləyicilərə təqdim olunur.

Azərbaycan, rus və ingilis dillərində hazırlanmış saytda, həmçinin Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təltif olunduğu müxtəlif mükafatlar barədə məlumatlar, mətbuatda yer almış məqalələr yerləşdirilib.

İzləyicilər saytın foto və video bölməsində Mehriban Əliyevanın ictimai-siyasi fəaliyyəti ilə yanaşı, ailə fotoalbomu, eyni zamanda ölkənin birinci xanımının iştirak etdiyi ayrı-ayrı tədbirlər, görüşlər zamanı maraqlı anları əks etdirən fotolarla da tanış ola bilərlər.

Saytda uşaqlar üçün səhifə də yaradılıb. Bu səhifədə Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətində uşaqlara qayğının əsas yer tutması barədə məlumat verilir, həmçinin onlar üçün “Azərbaycanım”, “Oyunlar”, “Bu maraqlıdır” kimi bölmələrdə maarifləndirici oyun və məlumatlar təqdim olunur. “Azərbaycanım” bölməsində uşaqlara tariximiz, adət-ənənələrimiz, həmçinin  Azərbaycanın digər tarixi hadisələri barəsində informasiyalar çatdırılır. Saytda uşaqlar üçün yaradılan səhifədə eyni zamanda müxtəlif cizgi filmlərini də izləmək mümkün olacaq.

Qeyd edək ki, saytın mobil telefon və planşetlər üçün versiyası da istifadəyə verilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi