Azərbaycanın birinci xanımı Avropa Qonaqpərvərlik Klubunun açılışında iştirak edib

Azərbaycanın birinci xanımı Avropa Qonaqpərvərlik Klubunun açılışında iştirak edib “Bakı 2015” ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Oyunlarda iştirak edəcək Portuqaliya komandasının üzvləri ilə görüşüb
Daxili siyasət
10 İyun , 2015 21:00
Azərbaycanın birinci xanımı Avropa Qonaqpərvərlik Klubunun açılışında iştirak edib

Bakı. 10 iyun. REPORT.AZ/ Bu gün Dənizkənarı Milli Parkdakı “Kiçik Venesiya şəhərciyi”ndə Avropa Qonaqpərvərlik Klubunun açılışı olub.

"Report" xəbər verir ki, Azərbaycanın birinci xanımı, “Bakı 2015” ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva açılış mərasimində iştirak edib.

Birinci xanım Mehriban Əliyevanı Avropa Qonaqpərvərlik Klubunun önündə Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki qarşılayıb.

Mehriban Əliyeva və Patrik Hikki klubun rəmzi açılışını bildirən lenti kəsiblər, burada yaradılan şəraitlə tanış olublar.

“Kiçik Venesiya şəhərciyi”ndə Avropa Qonaqpərvərlik Klubu Avropa Olimpiya Komitəsinin, ümumilikdə Olimpiya Oyunları ənənəsinə uyğun yaradılıb. Bu ərazi Dənizkənarı Milli Parkın ən gözəl guşələrindən biridir və 1960-cı illərdə salınıb. İndi “Kiçik Venesiya şəhərciyi” Dənizkənarı Milli Parka gələnlər üçün sevimli istirahət yeridir. Məhz buna görə də Avropa Qonaqpərvərlik Klubunun burada yaradılması qərara alınıb. Kluba giriş Avropa Olimpiya Komitəsi tərəfindən təqdim edilən xüsusi kartlarla VIP qonaqlar üçün nəzərdə tutulub.

Avropa Qonaqpərvərlik Klubunda birinci Avropa Oyunları zamanı hər axşam yarışların nəticələri ilə bağlı müzakirələr aparmaq, idmançıların uğurlarını qeyd etmək, qaliblərin şərəfinə ziyafətlər təşkil etmək mümkün olacaq. Bununla yanaşı, istənilən ölkənin nümayəndə heyəti burada milli komandalarının oyunlarını izləmək üçün də toplaşa bilər. Klubda biznes mərkəzi də fəaliyyət göstərəcək. Burada, eyni zamanda, Azərbaycanın uğurları, tarixi, mədəniyyəti, incəsənəti, mətbəxi, adət-ənənələri də geniş təbliğ olunacaq.

Müasir üslubda qurulan bu klub əslində hər bir Olimpiadanın ayrılmaz hissəsi hesab edilir. Burada idmançılar və şəhərimizin qonaqları üçün əyləncəli proqramlar da təşkil olunacaq. Klubun qonaqlarına milli mətbəximizin və Avropa mətbəxinin təamları təqdim ediləcək. Bir sözlə, Avropa Qonaqpərvərlik Klubunda qonaqların həm istirahəti, həm də onların öz sevimli komandaları və idmançılarının uğurlarının sevincini bölüşmək üçün hər cür şərait yaradılıb.

Tədbirin ən maraqlı məqamlarından biri ilk Avropa Oyunlarını təbliğ etmək məqsədilə Lissabondan Bakıya velosipedlə səfər edən 53 yaşlı velosipedçi və macəra həvəskarı Corc Kristovaonun Milli Parka gəlişi olub. Bu təşəbbüs Portuqaliyanın Milli Olimpiya Komitəsi tərəfindən dəstəklənib. Corc Kristovao yürüşə Lissabonun Torre de Belem abidəsinin qarşısından bu il aprelin 10-dan start verib. Corc Kristovao 7 min kilometrə yaxın məsafəni ona hədiyyə olunan elektriklə işləyən velosipedlə qət edib. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva velosipedçiyə ailə üzvləri ilə birlikdə Oyunların açılış mərasimində iştirak etmək üçün biletlər təqdim etdi. Corc Kristovao isə Portuqaliyanın Milli Olimpiya Komitəsi tərəfindən ünvanlanan məktubu “Bakı-2015” birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevaya təqdim edib.

Sonra birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva Oyunlarda iştirak edəcək Portuqaliya komandasının üzvləri ilə görüşüb.

Sonda xatirə şəkli çəkdirilib.

Son xəbərlər

Orphus sistemi