Yuxarı

Azərbaycanın 17 rayonunun bəzi kəndlərinin adları dəyişdirilir

Məsələ müzakirələrdən sonra Milli Məclisin plenar iclasına tövsiyə olunub

Bakı. 15 may. REPORT.AZ/ Azərbaycanın 17 rayonunun bəzi kəndlərinin adları dəyişdirilir. "Report" xəbər verir ki, Milli Məclisin Regional məsələlər komitəsinin mayın 15-də keçirilən iclasında bununla bağlı qanun layihəsi müzakirə olunub. 

Komitə sədri Arif Rəhimzadə bildirib ki, bəzi kənd və inzibati ərazi dairələrinin adlarının dəyişdirilməsini nəzərdə tutan qanun layihəsi uzun müddətə formalaşıb: "Belə ki, bəzi kənd və inzibati ərazi dairələrinin adlarının dəyişdirilməsi ilə bağlı yaşayış məntəqələrindən, yerli icra hakimiyyətlərindən müraciətlər daxil olub, sonra həmin müraciətlər Prezident Administrasiyasının müvafiq şöbəsində toplanılıb və axırda bizə belə bir qanun layihəsi göndərilib.

Onu da deyim ki, bununla bağlı Toponimiya Komissiyasında xeyli müzakirələr gedib, təkliflər, iradlar bildirilib, təkrar yerli icra hakimiyyətləri ilə müzakirələr aparılıb".

Onun sözlərinə görə, qanun layhəsinə əsasən bəzi kənd adlarının tamam, həmçinin təkrarlanan, eyniadlı kənd adlarının və bəzi inzibati ərazi dairələrinin adlarının dəyişdirilməsi təklif olunur: "Ağcabədi, Ağdam, Ağdaş, Astara, Bərdə, Cəlilabad, Gədəbəy, Göyçay, Xaçmaz, Kəlbəcər, İsmayıllı, Kürdəmir, Quba, Laçın, Tərtər, Ucar və Zaqatala rayonlarıın tərkibindəki 30-dan artıq kəndi və inzibati ərazi dairəsinin adlarının dəyişdirilməsi nəzərdə tutulur".

Deputat Fəzail İbrahimli müzakirəyə çıxarılan məsələni dəstəklədiyini bildirərək, ideoloji xarakter daşıyan, mənası heç kimə bəlli olmayan kənd adlarının dəyişdirilməsinin vacib olduğunu söyləyib.

Deputat Rüstəm Xəlilov da qanun layihəsinə müsbət yanaşdığını, eyni zamanda, gələcəkdə bəzi rayonlarda eyniadlı bir neçə kəndin adının dəyişdirilməsinin də vacibliyini söyləyib.

Müzakirələrdən sonra məsələ Milli Məclisin plenar iclasına tövsiyə olunub.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi