Yuxarı
    Bağlamaq

    Azərbaycandakı dini konfessiyaların rəhbərləri Mehriban Əliyevanı Birinci vitse-prezident təyin olunması münasibətilə təbrik edib

    Müraciəti beş icma rəhbəri imzalayıb

    Bakı. 21 fevral. REPORT.AZ/ Azərbaycandakı dini konfessiyaların rəhbərləri Mehriban Əliyevanı Birinci vitse-prezident təyin olunması münasibətilə təbrik edib. 

    "Report"un məlumatına görə, təbrikdə deyilir: 

    "Biz – Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri dövlətimizin tarixində ilk dəfə olaraq Vitse-prezidentlik səlahiyyətlərinin Sizə həvalə olunması münasibətilə dindarlarımız adından Sizi təbrik edir, yeni vəzifənizdə daim uğurlu olmanız üçün səmimi arzularımızı və xeyir-dualarımızı yetirir, Uca Yaradanın mərhəmət və qüdrət nəzərinin hər zaman üzərinizdə olmasını diləyirik.

    Bizim xalqımız və dövlətimiz üçün böyük fəxarətdir ki, siyasi liderlik zirvəsinə yetişən nadidə qadınlar arasında ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO kimi beynəlxalq təşkilatların Xoşməramlı səfiri Mehriban xanım Əliyeva vardır. Sizin bu zamana qədər yerinə yetirdiyiniz ictimai, siyasi və mədəni missiya tarixi fenomendir. Müqəddəs məkanların tikintisi və bərpası, müsəlman ziyarətgahları ilə yanaşı, xristian və yəhudi dini abidələrinin abadlaşdırılması sahəsində gördüyünüz işlər, milli-mənəvi dəyərlərimizin xaricdə və ölkə daxilində mütəmadi təbliğ olunması bir azəri xanımın dünyaya bəyan etdiyi yüksək tolerantlıq mədəniyyətinin nümayişidir. Siz millətlər və dinlər arası dialoqu, multikulturalizm prinsiplərini daima diqqət mərkəzində saxlamaqla Azərbaycanın beynəlxalq nüfuzuna yenilməz zəfər qazandırırsınız.

    Böyük və nəcabətli ailə ocağının qızı, xanımı və anası olan Mehriban xanım Əliyevanın timsalında biz Azərbaycanın bugününün və sabahının ucalığını təmin edən möhtərəm Prezidentimiz Zati-aliləri İlham Əliyevin fədakar yardımçısını görürük. Mehriban xanım Əliyeva öz nümunəsi ilə ən böyük nailiyyətimiz olan müstəqillik tariximizin yaradıcısı və qurucusu Heydər Əliyevin ənənələrini qoruyan və inkişaf etdirən ictimai və siyasi xadim zirvəsini xalqın könlündə fəth etmişdir.

    Hörmətli Mehriban xanım!

    Vitse-prezident kimi fəaliyyətinizin ilk günü xalqımızın qədim bayramlarından olan Novruzun ilk Su çərşənbəsinə - Baharın oyanışına təsadüf edib. Biz bunu gəlişi mübarək olan simvolik rəmz kimi qəbul edirik – Sizin sayənizdə ölkəmizdə yeni ümidlər oyanacaq, həyatımız su kimi şəffaf və aydın olacaqdır, inşallah! Bu əziz gündə bir daha Sizi təbrik edir, dindarlarımızın xeyir-dualarının daima Sizinlə olmasını arzu edirik.

    Uca Yaradan hər zaman yardımçınız olsun! Amin".

    Müraciəti Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Bakı və Azərbaycan arxiyepiskopu Aleksandr, Roma Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekturasının ordinarisi Vladimir Fekete, Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Milix Yevdayev, Alban-udi dini icmasının sədri Robert Mobili imzalayıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi