Azərbaycanda avtomobil yollarının təsnifat göstəricilərinə dəyişiklik edilib

Azərbaycanda avtomobil yollarının təsnifat göstəricilərinə dəyişiklik edilib Bununla bağlı qərarı baş nazir Artur Rasi-zadə imzalayıb
Daxili siyasət
17 Fevral , 2015 09:59
Azərbaycanda avtomobil yollarının təsnifat göstəricilərinə dəyişiklik edilib

Bakı. 17 fevral. REPORT.AZ/ Nazirlər Kabineti “Azərbaycan Respublikasında avtomobil yollarının təsnifat göstəriciləri”nin və “Ümumi istifadədə olan avtomobil yollarının adlandırılması, indeksasiyası və qeydiyyata alınması Qaydaları”nın təsdiq edilməsi haqqında” qərarında dəyişiklik edib.

"Report" xəbər verir ki, dəyişikliyə əsasən, avtomobil yolları əhəmiyyətinə, yol şəbəkəsində tutduğu yerə, funksional təyinatına, istifadə imkanlarına, istifadəçilərinə və mülkiyyətçilərinə görə ümumi və xüsusi istifadədə olan avtomobil yolları, dövlət avtomobil yolları, bələdiyyə avtomobil yolları, özəl avtomobil yolları, respublika əhəmiyyətli avtomobil yolları, yerli əhəmiyyətli avtomobil yolları, şəhər avtomobil yolları, müdafiə təyinatlı avtomobil yolları və sahə avtomobil yolları kimi təsnif olunur.

Qaydaya görə, avtomobil yollarının bütün istifadəçilərinin tələbatını təmin edən avtomobil yolları, beynəlxalq avtomobil yolları, müdafiə təyinatlı avtomobil yolları, yerli əhəmiyyətli və şəhər yolları, ümumi istifadə üçün açılmış bələdiyyə avtomobil yollarıdır. Bu bölməyə  "ödənişli avtomobil yolları" hissəsi də əlavə edilib.

Qaydaya əsasən, şəhər avtomobil yolları şəhər ərazisinin bir hissəsini təşkil edir, sərhədləri qırmızı xətlə (şəhərsalma sənədləri ilə müəyyənləşdirilmiş və mikrorayonların, məhəllələrin, habelə digər planlaşdırma strukturlarının ərazilərini küçə və meydanlardan ayıran sərhədlər) müəyyənləşdirilir və nəqliyyatın, piyadaların hərəkəti və yaşıllıqların yerləşdirilməsi üçün nəzərdə tutulur.

Azərbaycanda şəhər avtomobil yolları nəqliyyat vasitələrinin hərəkətini təmin etmək əhəmiyyətinə və istifadə imkanlarına görə magistral avtomobil yolları, ümumşəhər əhəmiyyətli prospekt, küçə və yollar, rayon əhəmiyyətli prospekt, küçə və yollar, qəsəbə və kəndlər arası yollar, qəsəbələrin, kəndlərin küçə və yolları, habelə məhəllədaxili yollar (bələdiyyə mülkiyyətində olan yollar istisna olmaqla) kimi təsnif edilir.

Qaydalarda terminlərin izahı da verilib.

Magistral avtomobil yolları - şəhərin rayonlarını, eləcə də hava və dəniz limanlarını, dəmir yol stansiyalarını, qoruq və istirahət zonalarını birləşdirən və nəqliyyatın yüksək sürətli hərəkətini küçə və yol kəsişmələrində tikilən müxtəlif səviyyəli yol qovşaqları vasitəsilə təmin edən avtomobil yollarıdır. Ümumşəhər əhəmiyyətli prospekt, küçə və yollar - şəhərin sərhədləri daxilində yaşayış, sənaye rayonları və ictimai mərkəzlər arasında, eləcə də şəhər ərazisindəki sürətli hərəkət yolları ilə digər prospekt və küçələr arasında yolları birləşdirən və müxtəlif səviyyəli yol qovşaqları, həmçinin digər küçələrlə kəsişmələrdə tikilmiş eyni səviyyəli yol qovşaqları vasitəsilə nəqliyyatın hərəkətini təmin edən avtomobil yollarıdır. Rayon əhəmiyyətli prospekt, küçə və yollar - rayonun daxilində yerləşən və ümumşəhər əhəmiyyətli prospekt və küçələrlə nəqliyyatın əlaqəsini təmin edən avtomobil yollarıdır. Digər küçələrlə kəsişmələri əsasən bir səviyyədə olur. Qəsəbə və kəndlər arası yollar - ümumşəhər və rayon əhəmiyyətli prospekt, küçə və yollar ilə qəsəbə və kənd yaşayış məntəqələri arasında nəqliyyat əlaqələrini təmin edən yollardır.

Qəsəbələrin, kəndlərin küçə və yolları, habelə məhəllədaxili yollar (bələdiyyə mülkiyyətində olan yollar istisna olmaqla) - qəsəbə və kəndlər, mikrorayon və digər yaşayış zonaları daxilində, ictimai mərkəzlər, idarə və müəssisələr, xidmət müəssisələri arasında nəqliyyat və piyada hərəkətini təmin edən yollardır.

Son xəbərlər

Orphus sistemi