Yuxarı

Azərbaycanda yüksək vəzifəli dövlət qulluqçuları üçün təlim başlayıb

Proqram ümumilikdə 11 təlim günü olmaqla, Azərbaycanda və Litvada keçirilməsi nəzərdə tutulan 4 təlim sessiyasından ibarətdir

Bakı. 10 noyabr. REPORT.AZ/ Bu gün Bakıda "Yüksək vəzifəli dövlət qulluqçuları üçün Strateji Liderlik Proqramı" üzrə ilk təlim sessiyası başlayıb. "Report" xəbər verir ki, proqramın məqsədi yüksək vəzifəli dövlət qulluqçularının liderlik bacarıqlarının artırılmasıdır.

Proqram ümumilikdə 11 təlim günü olmaqla, Azərbaycanda və Litvada keçirilməsi nəzərdə tutulan 4 təlim sessiyasından ibarətdir.

Strateji Liderlik Proqramı pilot layihə şəklində Litva Dövlət İdarəçilik İnstitutu tərəfindən hazırlanıb. Peşəkar ekspertlərin keçirdiyi təlimlərdə mərkəzi icra hakimiyyəti orqanlarının aparat rəhbərləri və şöbə müdirləri iştirak edəcək.

Bugünkü təlimdə Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın, Vergilər Nazirliyinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin, Dövlət Dəniz Administrasiyasının və Dövlət Sosial Müdafiə Fondunun nümayəndələri iştirak edir.

Xatırladaq ki, birinci proqramın 2016-cı ilin fevral ayında başa çatdırılması planlaşdırılır.

Qeyd edək ki, proqram "Avropa İttifaqı məsələləri diqqətdə saxlanılmaqla dövlət qulluğunda təlim potensialının gücləndirilməsinə dəstək layihəsi" çərçivəsində həyata keçirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi