Yuxarı

Azərbaycanda yetkinlik yaşına çatmayan şəxslə cinsi əlaqədə olmanın cəzası ağırlaşdırılıb

Həmin şəxslərin 4 ildən 7 ilədək müddətdə azadlıqdan məhrumetmə ilə cəzalandırma nəzərdə tutulur

Bakı. 29 may. REPORT.AZ/ Azərbaycanda yetkinlik yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etməyə görə cəzalar ağırlaşdırılıb. "Report" xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında bununla bağlı Cinayət Məcəlləsinə əlavə və dəyişikliklər edilib.

Məcəllənin 152-ci maddəsinə əlavələr olunub. Hazırda qüvvədə olan maddədə 16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etməyə görə üç ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Təklif olunan əlavədə 16 yaşdan aşağı şəxslərlə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etməyə görə daha ağır cəzalar verilməsi nəzərdə tutulub. Belə ki, eyni əməllər 14 yaşına çatmayan şəxs barəsində törədildikdə 3 ildən 6 ilədək müddətdə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.

Digər dəyişikliyə əsasən, bu əməllər yetkinlik yaşına çatmayanı tərbiyə etmək vəzifəsi daşıyan şəxslər və ya yetkinlik yaşına çatmayana nəzarəti həyata keçirmək vəzifəsi daşıyan təhsil, tərbiyə, tibbi və ya digər müəssisənin müəllimi və ya digər işçisi tərəfindən törədildikdə 3 ilədək müddətdə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 4 ildən 7 ilədək müddətdə azadlıqdan məhrumetmə ilə cəzalandırma nəzərdə tutulub.

Nəzərdə tutulan cinayətlərə görə məsuliyyət, həmin maddələrdə göstərilən əməlləri törətmiş şəxslə zərərçəkmiş şəxsin yaş fərqi iki ildən çox olduqda yaranır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi