Yuxarı
    Bağlamaq

    Azərbaycanda yeni orden təsis edilib

    Prezident İlham Əliyev müvafiq qanuna dəyişikliyi təsdiqləyib

    Bakı. 25 yanvar. REPORT.AZ/ Azərbaycanda "Əmək" ordeni təsis edilib.

    "Report"un məlumatına görə, Prezident İlham Əliyev Azərbaycan Respublikasının “Əmək” ordeninin təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib. 

    Sənədə əsasən, “Əmək” ordeni ilə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər istənilən fəaliyyət sahəsində Azərbaycan Respublikasının inkişafına və rifahının təmin olunmasına yönəlmiş müstəsna əmək nailiyyətlərinə görə, o cümlədən sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat, ticarət, sənətkarlıq, xidmət və digər sahədə uzunmüddətli məhsuldar əməyə, elm, təhsil, səhiyyə, mədəniyyət, bədən tərbiyəsi, idman və digər sahələrdə fərqlənən əmək nailiyyətlərinə, kənd təsərrüfatı məhsullarının istehsalında (emalında) kənd təsərrüfatının inkişafına təsir edən yüksək göstəricilərə, istehsalatda əməyin məhsuldarlığına və məhsulun (əmtəənin) keyfiyyətinin yaxşılaşmasına, ölkə iqtisadiyyatının rəqabət qabiliyyətinin artmasına təsir edən yüksək göstəricilərə, yüksəkkeyfiyyətli məhsul istehsalına (hazırlanmasına, yetişdirilməsinə), yeni texnikanın, texnologiyanın, qabaqcıl təcrübənin, ixtiranın və səmərələşdirici təklifin istehsalatda davamlı, nəticəli tətbiqinə görə təltif edilirlər.

    Azərbaycan Respublikasının “Əmək” ordeninin üç dərəcəsi var. 1.3. Azərbaycan Respublikasının 1-ci dərəcəli “Əmək” ordeni ən yüksək dərəcəlidir. Azərbaycan Respublikasının “Əmək” ordeninin dərəcələri ardıcıllıqla verilir.

    "Əmək" ordeni döşün sol tərəfinə, digər orden və medallar olduqda, "Vətənə xidmətə görə" ordenindən sonra taxılır.

    “Əmək” ordeni daxili diametrinin içərisində hər bir guşəsi alov simvolunu əks etdirən səkkizguşəli ulduz yerləşən bütöv ayparadan ibarətdir. Ordenin 1-ci dərəcəsi qızıldan, 2-ci dərəcəsi gümüşdən, 3-cü dərəcəsi bürüncdəndir. Ayparanın xarici diametri 38 mm, daxili diametri 30 mm-dir. Ayparanın aşağı hissəsinin mərkəzində dairə boyunca “ƏMƏK” sözü yazılmışdır. “ƏMƏK” sözü basma üsulu ilə ayparanın daxilində həkk olunmuşdur. Hər bir guşəsi alov simvolunu əks etdirən səkkizguşəli ulduzun üzərində milli ornamentləri əks etdirən naxışlar həkk olunmuşdur. Səkkizguşəli ulduzun üzərində həkk olunmuş naxışlar relyeflidir. Səkkizguşəli ulduzun üz səthi qabarıqdır. Ordenin qalınlığı 4 mm-dir.

    Ordenin arxa tərəfi hamar səthlidir, səkkizguşəli ulduzun mərkəzində ordenin seriyası və nömrəsi həkk olunmuşdur. 

    Orden paltarın yaxasına bərkidilmək üçün elementi olan, üst və alt hissəsi 30 mm x 3,5 mm ölçüdə metal lövhədən, orta hissəsi 25 mm x 45 mm ölçüdə xara lentdən ibarət düzbucaqlı lövhəyə iki halqa və ilgək vasitəsilə birləşdirilir. Xara lent Azərbaycan Respublikasının Dövlət bayrağının rənglərinə uyğun mavi, qırmızı və yaşıl rəngli bərabər şaquli zolağa bölünmüşdür.

    Ordenə paltarın yaxasına bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 25 mm x 9 mm ölçüdə qəlib əlavə edilir. Qəlibin üzərinə hər bir guşəsi alov simvolunu əks etdirən səkkizguşəli ulduz şəklində kiçik metal lövhə bərkidilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi