Azərbaycanda yeni dövlət qurumu yaradılıb

Azərbaycanda yeni dövlət qurumu yaradılıb “Bakıelektrikşəbəkə” ASC-nin adı dəyişdirilərək “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti adlandırılıb
Daxili siyasət
10 Fevral , 2015 14:24
Azərbaycanda yeni dövlət qurumu yaradılıb

Bakı. 10 fevral. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti (ASC) haqqında sərəncam imzalayıb. “Report” xəbər verir ki, sərəncamla “Bakıelektrikşəbəkə” Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti adlandırılıb.

Sərəncamla müəyyən edilib ki, “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının ərazisində elektrik enerjisini satın almaqla istehlakçıları etibarlı, təhlükəsiz və səmərəli şəkildə elektrik enerjisi ilə təchizatını həyata keçirir, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirir.

Nazirlər Kabinetinə tapşırılıb ki, Azərbaycan ərazisində “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilən elektrik enerjisi ilə istehlakçıların təmin olunması fəaliyyətinin “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə ötürülməsi, o cümlədən istehlakçıların elektrik enerjisi ilə təchizatı üçün zəruri olan və “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin balansındakı əmlak və digər avadanlıqların “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin balansına verilməsi üçün tədbirlər görsün.

Həmçinin, Nazirlər Kabineti “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin və “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin ümumi yığıncağının səlahiyyətlərini həyata keçirən dövlət orqanları barədə təkliflərini “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin və “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin yeni Nizamnamələrinin və strukturlarının layihələrini hazırlayıb ölkə Prezidentinə təqdim etməlidir.

Həmçinin, sərəncamla müəyyən edilir ki, Naxçıvan Muxtar Respublikasında bu sərəncamın 2-ci hissəsində nəzərdə tutulan funksiyaları Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Agentliyi həyata keçirir.

Azərbaycan Prezidenti İlham Əliyevin digər sərəncamı ilə Balababa Hüseynağa oğlu Rzayev “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri təyin edilib.

Son xəbərlər

Orphus sistemi