Yuxarı

“Azərbaycanda vətəndaş cəmiyyətinin çağdaş durumu: dəyişikliklər üçün nə etməli?” mövzusunda forum keçirilib

“Hökumət vətəndaş cəmiyyətilə əlaqələrə həmişə önəm verib”

Bakı. 19 aprel. REPORT.AZ/ “Azərbaycanda vətəndaş cəmiyyətinin çağdaş durumu: dəyişikliklər üçün nə etməli?” mövzusunda forum keçirilib.

“Report”un xəbərinə görə, forumu Vətəndaş Cəmiyyəti Müdafiə Komitəsi təşkil edib.

Tədbirdə çıxış edən komitənin üzvü Qubad İbadoğlu deyib ki, Vətəndaş Cəmiyyəti Müdafiə Komitəsi vətəndaş cəmiyyətindəki olan problemlərin aradan qaldırılmasına çalışıb: “Vətəndaş cəmiyyətinin ağır dövrü 2014-cü ildə olub. Amma bir qisim problemlər var ki, onlar, artıq aradan qaldırılıb”.

“Rasional İnkişaf Uğrunda” Qadınlar Cəmiyyətinin sədri Şəhla İsmayıl xatırladıb ki, bəzi qeyri-hökumət təşkilatları nümayəndələrinin ölkədən çıxışına qoyulan qadağa götürülüb: “Bu, müsbət haldır. Müsbət hallar olmaqla yanaşı, bir sıra mənfiliklər də var. Biz istəyirik ki, belə problemlər olmasın”.

Ş.İsmayıl vurğulayıb ki, Azərbaycandakı qeyri-hökumət təşkilatları ölkənin adının mənfi istiqamətdə hallanmasına razı deyil: “Biz beynəlxalq arenaya da çıxmalıyıq. Bunun üçün bizim resursumuz olmalıdır, buna şərait yaradılmalıdır. Resurs olmadığı təqdirdə işlərin görülməsi çətinləşir”.

“Azərbaycanda medianın çağdaş durumu: son dəyişikliklər və gözləntilət” mövzusunda çıxış edən “Turan” İnformasiya Agentliyinin direktoru bildirib ki, Azərbaycanda media idarə olunur: “Dövlət medianın müstəqil olmasında maraqlı olmalıdır. Fikir və ifadə azadlığı, jurnalistin təhlükəsizliyi çox önəmli məsələdir”.

Helsinki Vətəndaş Assambleyasının Azərbaycan Milli Komitəsinin sədri Arzu Abdullayeva insan hüquqlarının vəziyyətindən danışıb.

“Konstitusiya” Araşdırmalar Fondunun prezidenti, Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının koordinatoru Əliməmməd Nuriyev deyib ki, qrantların qeydiyyatı ilə bağlı məsələlə yenidən baxıla bilər: “Qeyri-hökumət təşkilatlarının qeydiyyatlarının sadələşdirilməsi məsələsi də müzakirəyə çıxarılması planlaşdırılır”.

Sonra çıxış edən Azərbaycan Prezident Adminstrasiyasının ictimai-siyasi şöbəsinin məsləhətçisi Gülsel Səfərova deyib ki, hökumət vətəndaş cəmiyyətilə əlaqələrə həmişə önəm verib. 

O bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdiyi gündən vətəndaş cəmiyyəti ilə dialoq aparılıb, onların fəaliyyətinə dəstək verilib: “Hökumət xeyli qeyri-hökumət təşkilatlarına qrant verir. Bunun nəyi pisdir ki?!”

G.Səfərova qeyd edib ki, Azərbaycanda bəzi həbs olunan şəxsləri “siyasi məhbus” adlandırırlar, lakin bu, doğru yanaşma deyil: ““Siyasi məhbus” anlayışı hər ölkədə bir cür başa düşülür. Yəni, həbs olunan şəxslər nəyə əsasən “siyasi məhbus” adlandırılırlar? Azərbaycan, ümumiyyətlə, siyasi məhbus məsələsini qəbul etmir. Ölkədə sözə, fikrə görə həbs olunan yoxdur. Ölkədə istər siyasi, istərsə də medianın azad fəaliyyət göstərməsi üçün mühit mövcuddur”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi