Yuxarı

Azərbaycanda tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydaları təsdiqlənib

Bununla bağlı qərarı baş nazir Artur Rasi-zadə imzalayıb

Bakı. 19 aprel. REPORT.AZ/ Azərbaycan Nazirlər Kabineti “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları”nı təsdiq edib. 

“Report”un xəbərinə görə, bununla bağlı qərarı baş nazir Artur Rasi-zadə imzalayıb. 

Bu qaydalar Azərbaycan vətəndaşlarına, Azərbaycan ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə dövlət səhiyyə müəssisələri tərəfindən tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsini tənzimləyir. Şəxslərə göndərişlər onlara xidmət göstərən ambulator-poliklinika müəssisəsi tərəfindən, stasionar müalicədə olan şəxslərə isə müalicə aldıqları səhiyyə müəssisəsi tərəfindən verilir. 

Göndəriş verilməsi üçün şəxsin son 12 ay ərzində eyni xəstəliklə fasiləsiz və ya fasilələrlə ümumilikdə 6 aydan çox (vərəm xəstələri üçün 10 aydan) müalicədə olması və müalicə tədbirləri tam başa çatdıqdan sonra orqanizmin pozulmuş funksiyalarının bərpa olmaması, şəxsin əqli və ya fiziki qüsurları nəticəsində həyat fəaliyyətinin məhdudlaşması, əlilliyin və uşaqların sağlamlıq imkanlarının məhdudluğu (bundan sonra - əlillik) müddətinin bitməsi, peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi, şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklərlə bağlı əlillik müddətinin başaçatma vaxtından əvvəl müayinəsi, əlillik səbəbinə yenidən baxılması zərurətinin yaranması, xüsusi nəqliyyat vasitəsinin verilməsinə tibbi göstərişin müəyyən edilməsi əsasdır. 

Göndəriş verilməsi üçün müraciət edən (yazılı və ya elektron formada) şəxslərin müraciət etdikdən sonra 7 iş günündən gec olmayaraq, səhiyyə müəssisəsi tərəfindən sağlamlıq vəziyyətinin müəyyən edilməsi üçün funksional, diaqnostik, laborator və obyektiv müayinələri aparılır, xəstəlik tarixindən çıxarışlar (epikrizlər) toplanılır, ehtiyac yaranarsa, diaqnozun dəqiqləşdirilməsi üçün şəxs əlavə ambulator və ya stasionar müayinəyə göndərilir. 

Göndərişin elektron sənəd forması Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə razılaşdırmaqla, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Səhiyyə Nazirliyi tərəfindən Reyestrə və “Vətəndaşın Elektron Sağlamlıq Kartı Sistemi”nə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin çıxışı təmin edilir. Göndərişin qüvvədəolma müddəti onun Reyestrə daxil edildiyi gündən etibarən 30 iş günü təşkil edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi