Yuxarı

​Azərbaycanda təkrar parlament seçkilərinin ilkin nəticəsi açıqlanıb

Seçkilərin lider namizədi hakim Yeni Azərbaycan Partiyasının rayon təşkilatının sədri Cavid Osmanovdur

Bakı. 19 iyun. REPORT.AZ/ Bu gün 90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Milli Məclisinə təkrar seçkilərin ilkin nəticəsi açıqlanıb.

"Report"un xəbərinə görə, Mərkəzi Seçki Komissiyası (MSK) sədri Məzahir Pənahov xatırladıb ki, səsvermədə 40 203 seçicidən 23292 nəfəri iştirak edib. Onun sözlərinə görə, dairə üzrə 40 məntəqənin hamısı hesabat verib.
MSK sədri bildirib ki, saat 08:00-dan 19:00-dək davam edən seçkilərin lider namizədi hakim Yeni Azərbaycan Partiyasının (YAP) Ağdaş rayon təşkilatının sədri Cavid Osmanovdur.

C.Osmanov 19 674 (85, 56%) səslə öndədir. Ümid Partiyasının sədri İqbal Ağazadə isə 1802 (7, 84%) səslə ikinci olub.

Qeyd edək ki, bu seçki dairəsi üzrə 7 namizəd qeydə alınıb. Namizədlərdən Cavid Osmanov hakim Yeni Azərbaycan Partiyasını (YAP) təmsil edir. O, partiyanın Ağdaş rayon təşkilatının sədridir. Ümid Partiyasının sədri İqbal Ağazadə də bu dairədən namizəddir. Digər namizədlər isə bitərəfdir.

90 saylı Ağdaş seçki dairəsi üzrə səsvermə 40 seçki məntəqəsində keçirilib. Dairənin 2, 4, 5, 9, 10, 11, 13, 17, 20 və 21 saylı məntəqələrində veb-kameralar quraşdırılıb.
Seçkiləri bötüvlükdə 741 yerli müşahidəçi izləyib. Seçkilərdə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) nümayəndə heyətinə daxil olan deputat Alan Desteks (Alain Destexhe) və AŞPA-nin Azərbaycan üzrə Monitorinq komitəsinin həmsədrləri, avstriyalı deputat Ştefan Şennax (Stefan Schennach) və rumıniyalı deputat Sezar Florin Preda (Cezar Florin Preda) müşahidə aparacaq. AŞPA-nı təmsil edən, ümumilikdə, 5 nəfər Mərkəzi Seçki Komissiyasından müşahidəçi kimi qeydiyyatdan keçib.
Xatırladaq ki, Azərbaycanda parlament seçkiləri 2015-ci ilin noyabrın 1-də keçirilib. Noyabrın 17-də MSK 90 saylı Ağdaş seçki dairəsi üzrə seçkilərin nəticələrinin ləğv olunması haqqında qərar qəbul edib. Bu qərar həmin dairədə qeydiyyata alınmış digər namizədlərin müraciəti əsasında qəbul olunub. 90 saylı dairə üzrə lider namizəd IV çağırış Milli Məclisin deputatı, "AGBank" Müşahidə Şurasının sədri Çingiz Əsədullayev olub.
Prezident İlham Əliyev 90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Milli Məclisinə təkrar seçkilərin 2016-cı il iyunun 18-də keçirilməsi ilə bağlı sərəncam imzalayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi