Yuxarı

​Azərbaycanda səhiyyə işçilərinə maaşdan əlavə vəsait ödəniləcək

Vəzifə (tarif) maaşlarına əlavə verilən işçilərin Siyahısı təsdiqlənib

Bakı. 25 iyun. REPORT.AZ/ Nazirlər Kabineti "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən tətbiq edilən cərimələrdən toplanan və həmin orqanın hesabına köçürülən vəsaitdən istifadə Qaydası"nın və "Vəzifə (tarif) maaşlarına əlavə verilən işçilərin Siyahısı"nı təsdiq edib.

"Report"un məlumatına görə, bu qayda səhiyyə sahəsində qanunvericiliyin pozulmasına görə İnzibati Xətalar Məcəlləsinə əsasən Səhiyyə Nazirliyi tərəfindən tətbiq edilən cərimələrdən (ödənilən cərimələrdən) toplanan və həmin nazirliyin xüsusi hesabına köçürülən vəsaitdən istifadə qaydasını müəyyən edir.

Ödənilən cərimələrdən daxil olan vəsaitin 25 faizi inzibati xətalar haqqında işlər üzrə icraatın aparılmasında iştirak edən nazirliyin işçilərinin sosial müdafiəsini gücləndirmək və maddi təminatını yaxşılaşdırmaq məqsədi ilə istifadə olunur.

Qaydaya əsasən, vəsaitin toplanması və təyinatı üzrə istifadə edilməsi məqsədi ilə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyində Nazirliyin xüsusi hesabı açılır.

Xüsusi hesabın maliyyə mənbəyini İnzibati Xətalar Məcəlləsinə əsasən nazirlik tərəfindən baxılan və inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilən inzibati xətalar haqqında işlər üzrə ödənilən cərimələrdən toplanan vəsait təşkil edir.

Köçürmələrin və bununla əlaqədar nəzarətin həyata keçirilməsi Səhiyyə və Maliyyə nazirlikləri tərəfindən təmin olunur.

Xüsusi vəsaitin istifadə olunmasına dair 6 aylıq, 9 aylıq və illik hesabatlar nazirlik tərəfindən hazırlanır və Maliyyə Nazirliyinə təqdim edilir.

Xüsusi vəsait nazirliyin işçilərinin aylıq vəzifə maaşına əlavə olaraq ödənilir.

Vəzifə maaşına əlavənin hesablanması ayda bir dəfə olmaqla həyata keçirilir və hər ayın sonunda ödənilir. Vəzifə maaşlarına əlavələr hər bir işçinin əməkhaqqı kartına köçürülür.

Bu qaydaya Azərbaycanın Prezidenti ilə razılaşdırılmaqla dəyişiklik edilə bilər.

Vəzifə (tarif) maaşlarına əlavə verilən işçilərin siyahısına inzibati xətalar haqqında işlər üzrə icraatın aparılmasında iştirak edən Səhiyyə Nazirliyinin işçiləri, inzibati xətalar haqqında işlər üzrə icraatı aparan Aparatın şöbə müdirləri, şöbə müdirlərinin müavinləri, sektor müdirləri, baş və böyük məsləhətçiləri, sanitar-epidemioloji nəzarət xidmətinin işçiləri, inzibati xəta haqqında protokol tərtib edən işçilər, icraatın aparılmasında iştirak edən digər işçilər daxildir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi