​Milli Məclisin sədri: "Təzyiqlərə baxmayaraq, Azərbaycanda seçkiqabağı proses demokratik prinsiplər əsasında davam edir"

​Milli Məclisin sədri: "Təzyiqlərə baxmayaraq, Azərbaycanda seçkiqabağı proses demokratik prinsiplər əsasında davam edir" "Seçki ərəfəsində Azərbaycanın inkişafını gözü götürməyən qüvvələr vəziyyəti süni şəkildə gərginləşdirmək üçün dəridən-qabıqdan çıxırlar"
Daxili siyasət
13 Oktyabr , 2015 12:40
​Milli Məclisin sədri: Təzyiqlərə baxmayaraq, Azərbaycanda seçkiqabağı proses demokratik prinsiplər əsasında davam edir

"Bu cür kağız parçaları ilə Azərbaycanı ləkələmək istəyənlər bu hərəkətlərindən əl çəkib Azərbaycanla bərabərhüquqlu əməkdaşlıq haqqında düşünsəydilər, təmsil etdikləri xalqlara, seçicilərinə daha çox fayda vermiş olardılar"

Bakı. 13 oktyabr. REPORT.AZ/ "Ölkə vətəndaşları yaxşı başa düşürlər ki, sabitlik olmayan yerdə inkişaf da mümkün deyildir" .

"Report"un xəbərinə görə, bunu Milli Məclisin sədri, hakim Yeni Azərbaycan Partiyasının (YAP) 45 saylı Abşeron seçki dairəsindən namizədi Oqtay Əsədov partiyanın rəsmi saytına müsahibəsində deyib.

Spiker qeyd edib ki, Azərbaycanda bərqərar olan ictimai-siyasi sabitlik ölkə qarşısında dayanan vəzifələrin yerinə yetirilməsinə əlverişli zəmin yaradır: "Heç də təsadüfi deyildir ki, bu gün Cənubi Qafqazda istehsal edilən ümumi daxili məhsulun 80 faizindən çoxu Azərbaycanın payına düşür. Artıq kosmik klubun bir üzvü olan Azərbaycan vaxtilə borc alan ölkədən borc verən ölkəyə çevrilmişdir. Dövlətimizin haqq səsi dünyanın mötəbər kürsülərindən cəsarətlə səslənir".

Onun sözlərinə görə, dünyada cərəyan edən siyasi və iqtisadi böhran Azərbaycana bir o qədər də mənfi təsir göstərə bilməyib.

O.Əsədov təəssüf hissi ilə qeyd edib ki, seçki ərəfəsində Azərbaycanın inkişafını, ölkədəki sabitliyi, xalqla iqtidar arasındakı birliyi gözü götürməyən qüvvələr vəziyyəti süni şəkildə gərginləşdirmək üçün dəridən-qabıqdan çıxırlar: "Bu işdə onlara erməni millətçilərinə xidmət edən xarici havadarları da yaxından kömək göstərirlər.

Ölkə Prezidenti İlham Əliyev dəfələrlə qeyd edib ki, Azərbaycan müstəqil daxili və xarici siyasət yeridir, bölgədə heç bir layihə Azərbaycanın iştirakı olmadan reallaşa bilməz. Bizimlə heç kəs diktə dilində danışa bilməz. Görünür, ölkə rəhbərliyinin tutduğu bu xətt xaricdəki bir sıra dairələri narahat edir. Onlar varlı, qüdrətli, sözün əsl mənasında müstəqil Azərbaycanı heç vəchlə “həzm” edə bilmir, ölkəmizi zəif və “sözəbaxan” görmək istəyirlər.

Fikirlərimin təsdiqi üçün çox da uzağa getməyə ehtiyac yoxdur. Bu yaxınlarda Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi son qətnaməsi buna bir misaldır. “İnsan hüquqlarının müdafiəsi” adı altında bizə hücum çəkənlərin hansı məqsədlərə xidmət etdikləri gün kimi aydındır. Ermənistanın işğalçılıq siyasəti nəticəsində 1 milyondan çox azərbaycanlı qaçqının hüquqlarına biganə yanaşan, Azərbaycan torpaqlarının işğalına göz yuman bu siyasətbazlar, görünür, ikili standartlar mərəzindən heç cür xilas ola bilmirlər. Azərbaycan kimi ərazicə kiçik bir ölkə 1 milyon qaçqının problemlərini uğurla həll edə bildiyi halda, qoca Avropa bir ovuc qaçqın probleminin əlində “əsir-yesir” qalıb.

Bu cür kağız parçaları ilə Azərbaycanı ləkələmək istəyənlər bu hərəkətlərindən əl çəkib Azərbaycanla bərabərhüquqlu əməkdaşlıq haqqında düşünsəydilər, təmsil etdikləri xalqlara, seçicilərinə daha çox fayda vermiş olardılar".

O.Əsədov bildirib ki, hər cür təzyiqlərə baxmayaraq, Azərbaycanda seçkiqabağı proses dünyada qəbul olunmuş demokratik prinsiplər əsasında azad və şəffaf şəkildə davam edir: "Bunun üçün Milli Məclis tərəfindən mükəmməl qanunvericilik bazası formalaşdırılmışdır. Seçicilərin öz iradəsini sərbəst ifadə etməsi üçün hər cür şərait yaradılmışdır. Heç şübhəm yoxdur ki, noyabrın 1-də – seçki günü xalqımız ən layiqli oğul və qızlarına səs verərək, öz yeni parlamentini formalaşdıracaq.

Əminəm ki, yeni seçiləcək parlament qarşıdakı illərdə Azərbaycanda demokratik proseslərin daha da dərinləşməsinə, hüquqi dövlət quruculuğuna, ölkə iqtisadiyyatının inkişafına, əhalinin sosial müdafiəsinin gücləndirilməsinə öz töhfəsini verməklə, müasir parlamentarizm tariximizin yeni, müsbət məna ilə dolu səhifəsini yazacaq".

Son xəbərlər

Orphus sistemi