Azərbaycanda respondentlərin 84,7 %-i öz etnik və ya dini mənsubiyyətinə, dini ayinlər icra etməsinə və ya dilindən istifadə etməsinə görə ictimai həyatda hər hansı ayrı-seçkiliklə, pis münasibətlə heç üzləşmir.
"Report" xəbər verir ki, bu, Sosial Tədqiqatlar Mərkəzinin (STM) keçirdiyi rəy sorğusunun nəticəsində məlum olub.
Bildirilib ki, 7,7 % respondent nadir halda belə münasibətlə üzləşdiyini bildirib.
Bu qrup üzrə cəmi 25 nəfər (2,3 %) müvafiq ayrı-seçkilik və pis münasibətlə tez-tez üzləşdiyini, 15 nəfər (1,4 %) adətən üzləşdiyini, 42 nəfər (3,9 %) isə bəzən üzləşdiyini ifadə edib. Beləliklə, ümumiləşdirsək, bu qrup üzrə ayrı-seçkilik və pis münasibətlə üzləşənlərin (tez-tez üzləşirəm, adətən üzləşirəm, bəzən üzləşirəm) faiz göstəricisi 7,6 %, ayrı-seçkilik və pis münasibətlə üzləşməyənlərin (nadirən üzləşirəm, heç üzləşmirəm) faiz göstəricisi isə 92,4 %-dir. Nəticə etibarilə Azərbaycanda etnik, dini mənsubiyyətinə, dini ayinlər icra etməsinə və ya dilindən istifadə etməsinə görə ümumi əhali arasında ayrı-seçkilik demək olar ki, yoxdur və ya olduqca aşağı səviyyədədir.
Etnik qrup üzrə respondentlərin (389 nəfər, 100 %) bu suala cavabından aydın olur ki, onların da böyük əksəriyyəti, yəni 90 %-i (350 nəfər) öz etnik və ya dini mənsubiyyətinə, dini ayinlər icra etməsinə və ya dilindən istifadə etməsinə görə ictimai həyatda hər hansı ayrı-seçkilik və ya pis münasibətlə heç üzləşmir. Respondentlər arasında 10 nəfər (2,6 %) bu cür münasibətlə nadirən üzləşdiyini bildirib. Pis münasibətlə tez-tez üzləşən etnik qrup respondentlərin sayı 7 nəfərdir və onlar bu qrup üzrə cəmi 1,8 % təşkil edirlər. “Adətən üzləşirəm” cavabını verənlər isə cəmi 3 nəfərdir (0,8 %). 19 nəfər (4,9 %) bu suala “bəzən üzləşirəm” deyərək orta mövqe nümayiş etdirib. Beləliklə, ümumiləşdirsək, bu qrup üzrə ayrı-seçkilik və pis münasibətlə üzləşənlərin (tez-tez üzləşirəm, adətən üzləşirəm, bəzən üzləşirəm) faiz göstəricisi ümumi əhali qrupundakı müvafiq faiz göstəricisi ilə demək olar ki, eyni yəni 7,5 %-dir. Ayrı-seçkilik və pis münasibətlə üzləşməyənlərin (nadirən üzləşirəm, heç üzləşmirəm) faiz göstəricisi isə 92,6 %-dir. Nəticə etibarilə, tədqiqatda iştirak edən ümumi əhali qrupunda olduğu kimi etnik qruplara münasibətdə də Azərbaycanda hər hansı ayrı-seçkilik və pis münasibət, demək olar ki, yoxdur və ya olduqca aşağı səviyyədədir.
Tədqiqat çərçivəsində respondentlərdən həmçinin Azərbaycanda milli həmrəylik səviyyəsini şkala üzrə qiymətləndirmək xahiş olunub. Ümumi əhali qrupu üzrə respondentlərin (1088 nəfər, 100 %) demək olar ki, yarısı, 51,3 %-i (558 nəfər) ölkəmizdə milli həmrəyliyin ən yüksək səviyyədə olduğunu, 23,7 %-i (258 nəfər) yüksək səviyyədə olduğu bildirib. Ümumiləşdirsək, bu qrup üzrə respondentlərin 75 %-i (816 nəfər) milli həmrəyliyin ölkəmizdəki səviyyəsinə müsbət qiymət verib. 18,9 % respondent (206 nəfər) milli həmrəyliyi orta, 2,2 % (24 nəfər) aşağı səviyyədə qiymətləndirib, 2,3 % (25 nəfər) milli həmrəyliyin heç olmadığını qeyd edib. 1,7 % (18 nəfər) respondent isə bu suala cavab verməkdə çətinlik çəkdiyini bildirib.
Etnik qrup üzrə respondentlərin (389 nəfər, 100%) 58,1 %-i (226 nəfər) ölkəmizdə milli həmrəyliyin ən yüksək səviyyədə olduğunu, 25,7 %-i (100 nəfər) yüksək səviyyədə olduğu bildirib. Ümumiləşdirsək, bu qrup üzrə respondentlərin 83,8 %-i (326 nəfər) milli həmrəyliyin ölkəmizdəki səviyyəsinə müsbət qiymət verib. Bu qrup üzrə 10,8 % respondent (42 nəfər) milli həmrəyliyi orta, 1,8 % (7 nəfər) aşağı səviyyədə qiymətləndirib, 1,3 % (5 nəfər) milli həmrəyliyin heç olmadığını qeyd edib. 2,3 % (9 nəfər) respondent isə bu suala cavab verməkdə çətinlik çəkdiyini bildirib.
Nəticə olaraq, STM tərəfindən həyata keçirilən sorğu göstərir ki, cəmiyyətimizdə digər etnik-dini qruplara qarşı hər hansı ayrı-seçkilik demək olar ki, yoxdur və ya olduqca aşağı səviyyədədir. Belə ki, tədqiqatda iştirak edən ümumi əhali qrupundakı respondentlərin 92,1 %, etnik qrupdakı respondentlərin isə 92, 6%-i hər hansı etnik-dini ayrı-seçkilikdə qarşılaşmadığını (heç qarşılaşmadığını və/və ya əsasən qarşılaşmadığını ifadə edib). Həmçinin cəmiyyətimizdə milli həmrəylik səviyyəsi həm ümumi əhali, həm də etnik qruplar tərəfindən əsasən müsbət qiymətləndirilir. Belə ki, tədqiqatda iştirak edən ümumi əhali qrupundakı respondentlərin 75 %-i, etnik qrupdakı respondentlərin isə 83,8%-i milli həmrəyliyin ölkəmizdəki səviyyəsinə müsbət (ən yüksək və yüksək) qiymət verib.
Tədqiqat geniş analitik hesabat halında tezliklə ictimaiyyətə təqdim olunacaq.