Ukraynanın Azərbaycandakı Fəxri Konsulluğunun təsis etdiyi “Ukrayna Mərkəzi”ndə Azərbaycanda müvəqqəti məskunlaşan ukraynalılar üçün maarifləndirici seminar keçirilib.
"Report"un məlumatına görə, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan Nümayəndəliyinin dəstəyi ilə təşkilatın hüquqi kontraktorları və rəsmilərinin iştirakı ilə baş tutan seminarda hüquqi, miqrasiya, təhsil və bir sıra sosial məsələlərlə bağlı suallar cavablandırılıb.
Seminar zamanı Azərbaycanda müvəqqəti məskunlaşan Ukrayna vətəndaşlarının ən aktual problemləri, bu ilin fevral ayından qarşılaşdıqları müəyyən məsələlər, əsasən də sosial və təhsil məsələləri üzrə maarifləndirici məlumatlar, müvafiq yardım proqramları barədə məlumatlar verilib.
Görüşdə Təhsil üzrə Məsləhətçilər də ukraynalı qaçqınların suallarına və təhsillə bağlı üzləşdikləri problemlərin həllinə aydınlıq gətirib. Onlara uyğun hüquqi yönləndirmələr edilib.
Seminarda həmçinin hökumətlərə və miqrantlara miqrasiya ilə bağlı xidmətlər və məsləhətlər verən Beynəlxalq Miqrasiya Təşkilatının ukraynalı məcburi köçkünlər üçün birdəfəlik maddi yardımın alınması ilə bağlı qeydiyyat şərtləri barədə məlumat verilib.