Bakı. 25 noyabr.
“Report”un xəbərinə görə, komitə sədri Fuad Muradov deyib ki, bu qanun layihəsi qəbul olunacaqsa, müsbətə doğru dəyişikliklər olacaq.
O bildirib ki, qanun layihəsində Milli Antidopinq Agentliyinin tövsiyəsi ilə müstəqil komitələrin yaradılması nəzərdə tutulub: “Bunlar Terapevtik İstifadəyə İcazə Komitəsi, İntizam Komitəsi, Apellyasiya Komitəsidir. Bu komitələrin fəaliyyətləri müstəqil olacaq. Terapevtik İstifadəyə İcazə Komitəsi bu sahədə nəzərdə tutulmuş beynəlxalq standartlara uyğun olaraq, terapevtik istifadə üçün müraciəti qiymətləndirir və yekun qərar qəbul edir. Bu qərar MADA-nın yekun qərarı hesab olunur.
İntizam Komitəsi isə antidopinq qayda pozuntunlarına görə tətbiq edilən sanksiyaları müəyyənləşdirmək səlahiyyətinə malikdir”.
Komitə sədri qeyd edib ki, agentliyin tərkibində Müşahidə Şurasının yaradılması da nəzərdə tutulub: Müşahidə Şurası Milli Məclisin, Milli Olimpiya Komitəsinin, Milli Paralimpiya Komitəsinin, müvafiq icra hakimiyyət orqanlarının və məhkəmə hakimiyyətinin nümayəndələrindən ibarət olacaq”.
Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.