Yuxarı

Azərbaycanda keçirilən antikorrupsiya tədbirləri beynəlxalq miqyasda yüksək qiymətləndirilib

Azərbaycan İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlığa mühüm önəm verir

Bakı. 22aprel. REPORT.AZ/ Parisdə İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatının (OECD) Şərqi Avropa və Mərkəzi Asiya üzrə Antikorrupsiya Şəbəkəsinin (ACN) “Şərqi Avropa və Mərkəzi Asiyada korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilmiş islahatların təsirinin gücləndirilməsi” mövzusunda yüksək səviyyəli toplantısı və şəbəkənin rəhbər qrupunun 20-ci görüşü keçirilib. "Report" AzərTac-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası baş prokurorunun müavini, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti və ölkəmizin Fransadakı səfirliyinin məsul əməkdaşları tədbirlərdə iştirak ediblər.

Avropa və Mərkəzi Asiya regionuna daxil olan ölkələrin yüksək vəzifəli dövlət rəsmiləri, eləcə də nüfuzlu beynəlxalq və qeyri-hökumət təşkilatlarının çoxsaylı nümayəndələrinin qatıldıqları tədbirlərdə İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatının Antikorrupsiya Şəbəkəsinin İstanbul Fəaliyyət Planının III raundu çərçivəsində 2012-2015-ci illərdə həyata keçirilmiş tədbirlər və əldə edilmiş nəticələr müzakirə olunub. Azərbaycan Prezidentinin siyasi iradəsinə uyğun olaraq atılan mühüm addımlar nəticəsində qazanılan uğurlar, İstanbul Fəaliyyət Planının icrası istiqamətində Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin fəal iştirakı, həmçinin korrupsiyaya qarşı mübarizədə “ASAN xidmət” mərkəzlərinin mühüm rolu xüsusi vurğulanıb.

Respublikamızın əldə etdiyi müsbət təcrübə önə çəkilərək IV Monitorinq raundu çərçivəsində Azərbaycanın Gürcüstan ilə yanaşı, ilk olaraq qiymətləndirmə mərhələsinə daxil ediləcək ölkə olması müəyyənləşdirilib. Azərbaycanda korrupsiyaya qarşı mübarizə tədbirləri və bu sahədə həyata keçirilən beynəlxalq əməkdaşlıq görüşlərdə iştirak edən qurumların nümayəndələri tərəfindən yüksək qiymətləndirilib.

Tədbirdə Şəbəkənin qarşıda duran IV Monitorinq raundunun, həmçinin AVN-in fəaliyyətinin təşkili ilə bağlı bir sıra məsələlər işçi qaydada müzakirə edilib.

Görüşdə OECD-nin Şərqi Avropa və Mərkəzi Asiya üçün Antikorrupsiya Şəbəkəsinin Azərbaycan Respublikası üzrə milli əlaqələndiricisi Kamran Əliyev sessiyalardan birinə rəhbərlik edib. Müzakirələrdə iştirak edən baş prokurorun müavini ötən dövrdə dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilmiş iqtisadi islahatlar, korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş hüquqi və institusional tədbirlər, eləcə də Baş İdarənin fəaliyyəti barədə məlumat verib. O, Azərbaycanın İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlığı yüksək qiymətləndirdiyini və onu tam dəstəklədiyini vurğulayıb.

Tədbirlər çərçivəsində iştirakçı ölkələrin hüquq mühafizə orqanlarının və beynəlxalq təşkilatların rəhbər şəxsləri ilə səmərəli fikir mübadiləsi aparılıb. İştirakçılara Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən tədbirləri əks etdirən materiallar paylanılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi