Azərbaycanda istintaq hərəkətlərində videoçəkiliş zamanı hal şahidlərinin iştirakının məcburiliyi aradan qaldırılır

Azərbaycanda istintaq hərəkətlərində videoçəkiliş zamanı hal şahidlərinin iştirakının məcburiliyi aradan qaldırılır Məcəlləyə müxtəlif təyinatlı digər dəyişikliklər də təklif olunur
Daxili siyasət
16 Noyabr , 2016 12:45
Azərbaycanda istintaq hərəkətlərində videoçəkiliş zamanı hal şahidlərinin iştirakının məcburiliyi aradan qaldırılır

Bakı. 16 noyabr. REPORT.AZ/ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsinə təklif olunan dəyişikliklər müzakirəyə çıxarılıb.

"Report"un xəbərinə görə, komitə sədri Əli Hüseynli bildirib ki, dəyişikliklər Prezident İlham Əliyev tərəfindən parlamentə daxil olub: "Zaman-zaman həm cinayət təqibinin sadələşdirilməsi, həm də cinayət mühakimə icraatının tezliyinin təmin olunması ilə bağlı məsələlər qaldırılır. Bu gün müzakirəyə çıxarılan layihə də bu kimi məsələlərin həllinə yönəlib. Yeni layihəyə əsasən, istintaq hərəkətləri zamanı videoçəkilişdən istifadə edildiyi halda hal şahidlərinin iştirakının məcburiliyi aradan qaldırılacaq. Burada hal şahidlərinin iştirakının yalnız məcbuirliyi aradan qaldırılır, amma hal şahidlərinin iştirakı həm də mümkündür. Digər tərəfdən, apelyyasiya baxışının təyin olunması barədə ilkin qərardan kasssiya şikayətinin verilməsi prosesinin məhdudlaşdırılmasına dair təkliflər irəli sürülüb. Əslində, ilkin qərardan şikayətin verilməsi cinayət mühakiməsinin bəzən aylarla uzadılmasına gətirib çıxarır. Bu dəyişikliyin edilməsi cinayət təqibinin sadələşdirilməsi və cinayət mühakiməsi prosedurunun tezləşdirilməsi üçün vacibdir".

Milli Məclisin deputatı Qüdrət Həsənquliyev dəyişikliklərlə bağlı bəzi məsələlərin ona qaranlıq qaldığını deyib: “Azərbaycanda cinayət təqibi zamanı belə problemlər ortaya çıxır ki, guya əməliyyat aparan orqanlar özləri müəyyən maddi sübutları hadisə yerinə qoyurlar, sonra onu oradan götürürlər. Hətta bəzi hallarda hal şahidlərini də ittiham edirlər. İndi hal şahidi olmadan da çəkiliş aparılsa, bu halda məhkəmə baxışı zamanı daha ciddi suallar ortaya çıxacaq və əməliyyat çəkilişinin obyektivliyi şübhə altına alınacaq. Bunun ədalət məhkəməsini şübhə altına alan bir məqam olacağını düşünürəm. Bu dəyişikliyi etmək bəlkə də tezdir”.

Qeyd edək ki, mövcud qanunvericiliyə görə, axtarış və ya götürmə zamanı azı iki hal şahidi iştirak etmədikdə videoçəkilişdən istifadə məcburidir. Şəxsi axtarış və götürmə zamanı videoçəkilişdən istifadə edilmədikdə barəsində şəxsi axtarış və götürmə aparılan şəxslə eyni cinsdən olan azı iki hal şahidinin iştirakı mütləqdir.

Məcəlləyə müxtəlif təyinatlı digər dəyişikliklər də təklif olunur.

Son xəbərlər

Orphus sistemi