Azərbaycanda ictimai yerlərdə dini şüarların və digər dini atributların nümayiş etdirilməsi qadağan olunur

Azərbaycanda ictimai yerlərdə dini şüarların və digər dini atributların nümayiş etdirilməsi qadağan olunur “Dini etiqad azadlığı haqqında” qanuna edilən əlavəyə görə, dini bayraqlar yalnız ibadətgahlar, dini mərkəz və idarələrin üzərində yerləşdirilə bilər
Daxili siyasət
2 Dekabr , 2015 13:07
Azərbaycanda ictimai yerlərdə dini şüarların və digər dini atributların nümayiş etdirilməsi qadağan olunur

Bakı. 2 dekabr. REPORT.AZ/ Azərbaycanda bundan sonra ibadətgahlardan kənarda, ictimai yerlərdə dini şüarların və digər dini atributların (şəxsin üstünə gəzdirdiyi dini atributlar istisna olmaqla) nümayiş etdirilməsi qadağan olunur. “Report” xəbər verir ki, bununla bağlı “Dini etiqad azadlığı haqqında” qanuna yeni maddə əlavə ediləcək.

Yeni əlavəyə görə, dini bayraqlar yalnız ibadətgahlar, dini mərkəz və idarələrin üzərində yerləşdirilə bilər.

Bundan başqa, İslam dininə aid olan ayin və mərasimlər yalnız Azərbaycan Respublikasının vətəndaşları tərəfindən həyata keçirilə bilər. Xaricdə dini təhsil alan Azərbaycan vətəndaşlarının İslam dininə aid ayin və mərasimləri aparması qadağandır.

Eyni zamanda, qanunda dini ayinlər və mərasimlərlə bağlı 21-ci maddənin adı (Maddə 21. Dini ayinlər və mərasimlər) dəyişdirilir. Bu maddə “Dini ayinlər, mərasimlər və atributlar” adlanacaq.

Həmçinin Cinayət Məcəlləsinə də müvafiq əlavə (168-1 maddə) edilib. Əlavəyə əsasən, İslam dininə aid ayin və mərasimlərin xaricdə dini təhsil alan Azərbaycan vətəndaşı tərəfindən aparılmasına görə 1000 manatdan 5 000 manata qədər cərimə və ya 1 ilədək müddətdə azadlıqdan məhrumetmə cəzası tətbiq olunacaq.

Qeyd edək ki, əlavə və dəyişikliklər layihəsi bu gün parlamentin Hüquq siyasəti və dövlət quruculuğu, İctimai birliklər və dini qurumlar  komitələrinin birgə iclasında müzakirə olunub və Milli Məclisin dekabrın 4-də keçiriləcək plenar iclasına tövsiyə edilib. 

Son xəbərlər

Orphus sistemi