Yuxarı
    Bağlamaq

    Ramin Qurbanov: "Azərbaycanda əsas diqqətimizi "ağıllı" məhkəmələrin yaradılmasına yönəltmişik" - VİDEO

    Məqsəd məhkəmə proseslərinin sürətləndirilməsi, vətəndaşlar üçün şəffaf olması və vaxta qənaət edilməsidir

    Bakı. 8 dekabr. REPORT.AZ/ Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) yeni seçilmiş vitse-prezidenti Ramin Qurbanov Аvropa məhkəmələri ilə bağlı Avropa Şurasının media orqanına müsahibə verib. “Report” həmin müsahibəni təqdim edir.

    Arayış: R.Qurbanov bu il iyulun 1-dən 6 aylıq müddətə CEPEJ-in vitse-prezidenti vəzifəsini icra edib və Komissiyanın üzv dövlətləri onu növbəti 2 il üçün bu vəzifəyə seçib. Komissiya Avropa Şurasına üzv dövlətlərin məhkəmə sistemlərinin səmərəliliyinin artırılması və Avropa məkanında ədalət mühakiməsinin səmərəli və ədalətli həyata keçirilməsi ilə bağlı beynəlxalq hüquqi sənədlərinin tətbiqi məqsədilə yaradılıb.

    R.Qurbanov 1974-cü ildə ziyalı ailəsində anadan olub. O, Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsini bitirib və müxtəlif illərdə Müdafiə, Ədliyyə nazirlikləri, AMEA və s. qurumlarda hüquq məsləhətçisi, elmi işçi, müəllim, aparıcı və baş mütəxəssis kimi fəaliyyət göstərib. R.Qurbanov 2005-ci ildən Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) üzvü və 2011-ci ildən həmin Komissiyanın Avropa Məhkəmə Sistemlərinin Qiymətləndirilməsinə dair Komitəsinin eksperti, 2014-cü ildən isə Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının Bürosuna 47 üzv dövlətin nümayəndəsi tərəfindən üzvü seçilib. O, 2013-cü ildən Yasamal Rayon Məhkəməsinin hakimi, həmçinin “Elektron məhkəmə” informasiya sisteminin yaradılması üzrə İşçi qrupun rəhbəri işləyir.

    - Komissiya hansı işləri görür?

    - Komissiya təqribən 10 il əvvəl yaradılıb və bununla da Avropa Şurası Avropa İnsan Hüquqları Konvensiyasına əsaslanaraq Avropada qanunun aliliyi və əsas hüquqların təşviqatı istiqamətində iradəsini nümayiş etdirib.

    Avropa İnsan Haqları Məhkəməsində həddindən çox iş yükünün olmasını nəzərə alaraq, CEPEJ Avropa Şurasının analitik və məşvərət qurumu kimi yaradılıb və Avropa ədalət mühakiməsinin təşviq olunması və üzv dövlətlərə məhkəmə sistemlərinin təkmilləşdirilməsində yardımın götərilməsi sahəsində ixtisaslaşıb.

    - Məhkəmə sisteminin təkmilləşdirilməsi nə deməkdir?

    - Bu o deməkdir ki, üzv dövlətlərlə ədalət mühakiməsini sürətləndirmək və onların məhkəmə sistemlərinin səmərəliliyini artırmaqla Avropa Məhkəməsinin iş yükünü azaltmaq üçün bütün səylər göstərmək. Qeyd etmək istərdim ki, bu gün Komissiya artıq siyasətçilər, hüquqşünaslar, həkimlər, ədliyyə işçiləri arasında olduqca böyük hörmət qazanıb və son 15 il ərzində ədalət mühakiməsi sahəsinə dair bir sıra sənəd və alətlər hazırlanıb. Həmin sənədlər nəinki ümumilikdə ədalət mühakiməsinin səmərəliliyi və keyfiyyəti sahəsində, həm də məhkəmə sisteminin müəyyən məsələlərində faydalı hesab olunur.

    - Məhkəmə sisteminin təkmilləşdirilməsi dedikdə hakimlərin öz iş vaxtlarını necə təşkil etməsindən danışılır, elə deyilmi?

    Əlbəttə, CEPEJ 5 müxtəlif sahədə fəaliyyət göstərir və onlardan biri də məhkəmə sistemlərinin qiymətləndirilməsindən ibarətdir. Burada söhbət hakimlərin öz fəaliyyətlərini necə təşkil etməsindən, məhkəmələrdə işlərin necə idarə edilməsindəm gedir.

    - Hər il hesabat hazırlanırmı?

    - Biz hər iki ildən bir hesabat hazırlayırıq. Bu yaxınlarda Parisdə mətbuat konfransı keçirilib və 2014-cü ilin məlumatı əsasında tərtib olunan hesabat Avropa ictimaiyətinə açıqlanıb. Digər istiqamətlər isə ədalət mühakiməsinin keyfiyyəti ilə bağlı məsələləri müəyyən etmək, məhkəmə müddətləri, mübahisələri həll etmək üçün alternativ üsullardan istifadə və məhkəmə qərarlarının icrası kimi sahələri əhatə edir.

    - Siz Azərbaycanı təmsil edirsiniz və CEPEJ həmin ölkənin hakimiyyəti ilə hüquq islahatlarının aparılması sahasində yaxından əməkdaşlıq edir. Bununla bağlı bizə daha ətraflı məlumat verə bilərsinizmi?

    - Azərbaycan haqqında danışmazdan əvvəl qeyd etmək istərdim ki, CEPEJ-in fəaliyyəti çərçivəsində bütün bu sənədlərin və alətlərin hazırlanması ilə yanaşı, biz üzv dövlətlərlə həm sahəvi əməkdaşlıq edir, həm də onlarla daha geniş əməkdaşlıq proqramları həyata keçiririk.

    - Beləliklə, bir tərəfdən üzv dövlətlər sizə yardım göstərilməsi ilə bağlı müraciət edir və siz həmin müraciətlər əsasında layihələr həyata keçirirsiniz…

    - Düz buyurursunuz, məsələn, yaxın zamanlarda 12 layihə Azərbaycan, Xorvatiya, Portuqaliya, Fransa və s. ölkələrdə uğurla həyata keçirilib. Daha geniş əməkdaşlıq layihələrini qeyd etməli olsaq, hazırda 10 belə layihə həyata keçirilir və həmin layihələr yalnız Avropanı deyil, Avropadan kənarda yerləşən dövlətləri də, məsələn, İordaniya, Tunis, Mərakeş və digər ölkələri əhatə edir. 

    Azərbaycana gəldikdə isə qeyd etmək isəyirəm ki, Azərbaycan Avropa Şurasının çox fəal üzvüdür və Azərbaycan hakimiyyəti məhkəmə sistemini beynəlxalq standartlara və Avropa Şurasınını standartlarına uyğunlaşdırmaqda güclü siyasi iradə nümayiş etdirib. Son dövrlərdə ölkədə genişmiqyaslı məhkəmə islahatları uğurla həyata keçirilib və bu iş Avropa Şurası ilə sıx əməkdaşlıq şəraitində aparılıb. Bu islahatların böyük hissəsi CEPEJ tərəfindən toplanmış məlumat mənbələri əsasında həyata keçirilib. Məsələn, siyasətçilər, hakimlərin sayı, məhkəmələrin sayı, məhkəmələrin növü, vəkillərin və prokurorların sayı, eləcə də məhkəmə fəaliyyətinə dair əsas göstəricilərin müəyyən edilməsi və məhkəmə sistemində informasiya texnologiyalarının tətbiq olunması kimi məsələlərlə bağlı qərar qəbul etdikləri zaman həmişə Avropa Şurasına məhz Ədalət Müahkiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasına müraciət edib. Bu gün biz digər tərəfdaşlara da təkidlə tövsiyə edirik ki, CEPEJ tərəfindən hazırlanmış məlumat, alətlər və metodologiyadan bəhrələnsinlər.

    - Bu sahədə xeyli işlər görülüb. Amma inanırıq ki, hələ davam edən bir çox işlər də var...

    - Əlbəttə, heç bir ölkə deyə bilməz ki, onlar ədalət mühakiməsi sisteminin inkişafı nöqteyi-nəzərindən öz məqsədlərinə çatıblar, həyat davam edir, yeni çağırışlar meydana çıxır. Biz hazırda Azərbaycanda Avropa İttifaqı ilə birgə iki əhəmiyyətli layihə həyata keçiririk. Birinci layihə 2012-2014-cü illəri əhatə edirdi və bu, "Şərq Tərəfdaşlığı" ölkələrində məhkəmə islahatlarının genişləndirilməsinə həsr olunmuşdu. Hazırda "Şərq Tərəfdaşlığı" Proqramı Əməkdaşlıq Çərçivəsi adlanan digər bir layihə həyata keçirilir. Bu layihə 2015-2017-ci illəri əhatə edir və onun əsas məqsədi məhkəmələrin səmərəliliyini artırmaq, Azərbaycanda məhkəmələrin özünüidarəetməsini təşviq etmək vasitəsilə məhkəmə sisteminin müstəqilliyinin daha da möhkəmləndirilməsinə və Avropa Şurasınını standartlarına uyğun olaraq islahatların davam etdirilməsinə nail olmaqdan ibarətdir.

    - Məhkəmə istifadəçilərinə yönələn ədalət mühakiməsi dedikdə nəyi nəzərdə tutursunuz?

    - Ədalət mühakiməsi bütövlükdə vətəndaşlara xidmət edir. Məqsədimiz Avropada ədalət mühakiməsinin vətəndaşlara sürətli bir şəkildə çatdırılmasını təmin etməkdən ibarətdir. Bu layihə Azərbaycanda 5 pilot məhkəmədə icra edilməyə başlayıb. CEPEJ alətləri və metodologiyasının müasir, "ağıllı" və köhnə üsulla fəaliyyət göstərən məhkəmələrdə necə işlədiyini yoxlamağa çalışırıq. Nəticədə həmin alətlər və metodologiyaların müsbət nəticələr verdiyini müəyyənləşdirmişik. Bu yolla məhkəmə xidmətlərinin keyfiyyəti və səmərəliliyi ilə bağlı həm sözügedən, həm də ölkənin digər məhkəmələrində müsbət nailiyyətlər əldə etmək mümkündür. Hətta digər məhkəmələr də bu alətlərin tətbiqində maraqlı olduqlarını bildirirlər.

    - Pilot məhkəmələrdən söhbət açdınız… Bəs onlar hansı növ məhkəmələrdir?

    - Bunlar birinci instansiya məhkəmələri və apellyasiya məhkəmələridir. İki apellyasiya məhkəməsi seçilib, qalanları isə birinci instansiya məhkəmələridir, lakin onlar da ixtisaslaşma sahələrinə görə fərqlənirlər. Burada həm ümumi yurisdiksiya məhkəməsi, həm də inzibati-iqtisadi məhkəmə var.

    - "Ağıllı" məhkəmə dedikdə nəyi nəzərdə tutursunuz?

    - Biz hazırda Azərbaycanda diqqətimizi "ağıllı" məhkəmələrin yaradılmasına yönəldirik. Burada əsas məqsəd məhkəmə proseslərinin sürətləndirilməsindən, onların vətəndaşlar üçün şəffaf olmasından və vaxtlarına qənaət edilməsinə imkan verilməsindən ibarətdir. "Ağıllı" məhkəmə yaratmaq məhkəmə fəaliyyətində informasiya texnologiyalarından müdrik istifadə etmək deməkdir. Çünki bir çox ölkələr informasiya texnologiyalarının tətbiqinə böyük sərmayələr yatırsalar da, öz məqsədlərinə çata bilməyiblər. Buna görə də biz texnologiyaları düzgün tətbiq etməyə, lazımi fəaliyyət göstəricilərini müəyyən etməyə və məhkəmə sədrləri, hakimlər, digər yuxarı instansiya məhkəmələri üçün "nəzarət lövhəsi" hazırlamağa diqqət yetiririk. Bununla statistik göstəricilərlə bağlı məlumatı biliyə çevirməyə çalışırıq.

    - Bununla da onlar məhkəmələrdə nə baş verdiyindən xəbərdar olsunlar…

    - Bəli, bunun əhəmiyyəti böyükdür. Vətəndaşlara elektron xidmətlər göstərmək zəruridir. Çünki başlıca problem vaxt çatışmazlığıdır. Biz çalışırıq ki, informasiya texnologiyalarının tətbiqi vasitəsilə vətəndaşlara keyfiyyyətli elektron xidmətləri daha qısa zamanda göstərə bilək.

    - Yəni kiber ədalət mühakiməsi?

    - Əlbəttə elədir. Biz planlaşdırırıq ki, Avropa Şurasında CEPEJ çərçivəsində kiber ədalət mühakiməsi ilə bağlı konfrans keçirək. Tədbirdə məhkəmə fəaliyyətində informasiya texnologiyalarının tətbiqinin gələcəyi ilə bağlı məsələlər və gələcəkdə onlardan nəyi gözləyə biləcəyimiz müzakirə olunacaq. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi