Azərbaycanda bilərəkdən yalan məlumatlar əsasında reklam hazırlayanların cəzası sərtləşdirilir

Azərbaycanda bilərəkdən yalan məlumatlar əsasında reklam hazırlayanların cəzası sərtləşdirilir Dəyişikliklər layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub
Daxili siyasət
28 Aprel , 2016 13:05
Azərbaycanda bilərəkdən yalan məlumatlar əsasında reklam hazırlayanların cəzası sərtləşdirilir

Bakı. 28 aprel. REPORT.AZ/ Azərbaycanda bilərəkdən yalan məlumatlar əsasında reklam hazırlayanların, məhsul və xidmətlərini reklam edənlərin cəzası sərtləşdirilir.

"Report"un məlumatına görə, bununla bağlı Cinayət Məcəlləsinə təklif olunan dəyişikliklər layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin aprelin 28-də keçirilən iclasında müzakirə olunub. 

Məcəllənin 198.1-ci maddəsinə təklif olunan dəyişikliyə görə, əmtəələr, qulluq və xidmətlər, habelə onların istehsalçıları (icraçıları, satıcıları) haqqında tamah məqsədilə bilə-bilə yalan məlumatlardan reklamda istifadə etmə xeyli miqdarda ziyan vurduqda, cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən dörd mislinədək miqdarda cərimə və ya iki ilədək islah işləri, yaxud 1 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Hazırda qüvvədə olan maddəyə əsasən, bilə-bilə yalan məlumatlar əsasında reklam edənlər 1000 manatdan 5000 manata qədər cərimə və ya 1 ilə qədər həbs cəzası alırlar.

Cinayət Məcəlləsinin 198.2-ci maddəsinə təklif olunan dəyişikliyə əsasən isə eyni əməllər külli miqdarda ziyan vurulmaqla törədildikdə, cinayət nəticəsində vurulmuş ziyanın üç mislindən beş mislinədək miqdarda cərimə və ya 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Hazırda qüvvədə olan maddə 2 ilədək müddətə islah işləri və ya eyni müddətə həbs cəzası nəzərdə tutur.

Müzakirələrdən sonra dəyişikliklər layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Son xəbərlər

Orphus sistemi