Yuxarı

Azərbaycanda bank əməliyyatlarının aparılması qaydalarının pozulmasına görə yeni cəzalar müəyyənləşdirilib

Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə əlavə bəndlər daxil edilib

Bakı. 17 may. REPORT.AZ/ Azərbaycanda banka aidiyyəti olan şəxslərlə və ya aidiyyəti olan şəxs adından hərəkət edən şəxslərlə əməliyyatların aparılması qaydalarının pozulmasına görə yeni cəzalar müəyyənləşdirilib.

"Report"un xəbərinə görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə təklif olunan əlavələr Milli Məclisin bugünkü iclasında qəbul edilib. 

Dəyişikliyə əsasən, məcəlləyə yeni iki bənd əlavə edilib. Belə ki, səhmdar cəmiyyətlərinə aidiyyəti olan şəxslərlə əqdlərin bağlanması qaydalarının pozulmasına, həmçinin belə əqdlərlə əlaqədar qanunla müəyyən edilən qaydada məlumatların təqdim edilməməsinə görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək miqdarda, hüquqi şəxslər on min manatdan on beş min manatadək miqdarda cərimə ediləcək.

İnzibati Xətalar Məcəlləsinə edilən başqa bir əlavəyə görə, digər hüquqi şəxslərə aidiyyəti olan şəxslərlə əqdlərin bağlanması qaydalarının pozulmasına, həmçinin belə əqdlərlə əlaqədar qanunla müəyyən edilən qaydada məlumatların təqdim edilməməsinə görə vəzifəli şəxslər 500 manatdan 1 000 manatadək miqdarda, hüquqi şəxslər 5 000 manatdan 10 000 manatadək miqdarda cərimə ediləcək.

Dəyişiklik səsverməyə qoyularaq qəbul edilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi