“Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı” təsdiqlənib

“Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı” təsdiqlənib Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb
Daxili siyasət
27 Aprel , 2016 17:44
“Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı” təsdiqlənib

Bakı. 27 aprel. REPORT.AZ/ Prezident İlham Əliyev “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

"Report" xəbər verir ki, sərəncam açıq hökumət prinsiplərinin tətbiqinin genişləndirilməsi, korrupsiyanın qarşısının alınması üzrə yeni mexanizmlərin tətbiqi, vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinin və ictimai nəzarətin gücləndirilməsi, sahibkarların hüquqlarının müdafiəsi, “Açıq hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı” və “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı” çərçivəsində həyata keçirilən tədbirlərin davamlılığının təmin edilməsi məqsədilə imzalanıb. 

Sərəncamla “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı” təsdiq edilib.

Mərkəzi və yerli icra hakimiyyəti orqanları “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nda (bundan sonra - Fəaliyyət Planı) nəzərdə tutulan tədbirlərin icrası barədə hər il dekabrın 30-dək Nazirlər Kabinetinə və Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyaya illik hesabatlarını təqdim etməli, Fəaliyyət Planının icrası üzrə illik iş planlarını təsdiq etsinlər və bu barədə məlumatı Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyayaa elektron qaydada verməlidirlər.

Nazirlər Kabinetinə tapşırılıb və Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyaya tövsiyə edilib ki, Fəaliyyət Planının yerinə yetirilməsi ilə əlaqədar görülən işlərin vəziyyətini mütəmadi təhlil etsinlər və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versinlər.

Hesablama Palatasına, Baş Prokurorluğuna, İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsmana), Məhkəmə-Hüquq Şurasına, Azərbaycan Respublikasının məhkəmələrinə, yerli özünüidarəetmə orqanlarına tövsiyə olunub ki, Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin icrasını təmin etsinlər.

Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyaya tövsiyə edilib ki, Fəaliyyət Planının icrasının dəyərləndirilməsi prosesinə vətəndaş cəmiyyəti institutlarının cəlb edilməsi üçün tədbirlər görsün və həmin planın həyata keçirilməsi sahəsində görülən işlər barədə ictimaiyyətə mütəmadi olaraq məlumat versin.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Son xəbərlər

Orphus sistemi