Yuxarı

Azərbaycan XİN: "Qurama məhkəmə işinin heç bir hüquqi əsası yoxdur"

H.Hacıyev: Dilqəm Əsgərov və Şahbaz Quliyevin girovluqdan azad edilməsi üçün təmaslar davam etdiriləcək

Bakı. 29 dekabr. REPORT.AZ/ Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistanın kütləvi informasiya vasitələrində Dilgəm Əsgərov və Şahbaz Quliyevin üzərində qurulmuş qondarma məhkəmə işinin başa çatması haqqında yayılmış məlumatları şərh edib.

XİN mətbuat xidmətindən "Report"a verilən məlumata görə, H.Hacıyev bildirib ki, Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində təşkil olunan bu qurama məhkəmə işinin heç bir hüquqi əsası yoxdur və onun iddia olunan nəticəsi hər hansı hüquqi mahiyyət kəsb edə bilməz: "Dilqəm Əsgərov və Şahbaz Quliyev Azərbaycan Respublikasının ərazisində ata-analarının qəbirlərini ziyarət edərkən Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülüb, Həsən Həsənov isə qəddarcasına öldürülüb. Ermənistan Avropa insan hüquqları konvensiyası, beynəlxalq humanitar hüquq, BMT-nin işgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan davranış və cəza növlərinə qarşı konvensiyası və Mülki və siyasi hüquqlar haqqında beynəlxalq pakt üzrə öhdəliklərini kobud şəkildə pozaraq, mülki şəxslərin girov götürülməsinə, işgəncələr əsasında onlardan ifadələrin alınmasına və saxta məhkəmə qarşısına çıxarılmasına görə məsuliyyət daşıyır".

"İnsan hüquqlarının ümumbəşəri dəyər olduğunu xatırladaraq, bir sıra beynəlxalq təsisatların və dairələrin insan hüquqları məsələsinə seçimli yanaşmayaraq, insan hüquqlarını kobud, sistematik və kütləvi şəkildə pozan Ermənistan Respublikasından Dilqəm Əsgərov və Şahbaz Quliyevin dərhal azad edilməsini və itkin düşmüş dörd mindən artıq azərbaycanlının taleyi barəsində izahat verilməsini tələb etməlidirlər. Eyni zamanda beynəlxalq ictimaiyyət tərəfindən Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində ən ümdə hüquqlarından məhrum olmuş bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün hüquqlarının müdafiəsinə də lazımı diqqət ayrılmalıdır", - Azərbaycan XİN mətbuat xidmətinin rəhbəri əlavə edib.

H.Hacıyev qeyd edib ki, Dilqəm Əsgərov və Şahbaz Quliyevin girovluqdan azad edilməsi üçün ATƏT-in Minsk qrupunun həmsədrləri və beynəlxalq təşkilatlarla təmaslar davam etdiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi