​Azərbaycan vətəndaşlığına qəbul edilmiş şəxslər and içəcək

​Azərbaycan vətəndaşlığına qəbul edilmiş şəxslər and içəcək Andın məzmunu açıqlanıb
Daxili siyasət
19 Noyabr , 2014 15:50
​Azərbaycan vətəndaşlığına qəbul edilmiş şəxslər and içəcək

Bakı. 19 noyabr. REPORT.AZ/ Azərbaycan vətəndaşlığına qəbul edilmiş və ya vətəndaşlığa bərpa edilmiş 14 yaşı tamam olmuş şəxslər Azərbaycan dövlət dilində Azərbaycan Respublikasına sadiq qalacağı barədə and içəcək.

“Report” xəbər verir ki, bu barədə qərar “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanunda yer alıb.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında yeni dəyişiklik barədə məlumat verən sədr Əli Hüseynli bildirib ki, qanuna əlavə edilən 15.1-ci yeni maddəyə görə, “Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmiş və ya vətəndaşlığa bərpa edilmiş və 14 yaşı tamam olmuş şəxs Azərbaycan dövlət dilində Azərbaycan Respublikasına sadiq qalacağı barədə aşağıdakı məzmunda and içir:
“Mən, (Soyadı, Adı, Atasının adı) Azərbaycan Respublikasının vətəndaşı olaraq hər hansı xarici dövlət qarşısında onun vətəndaşlığı ilə bağlı öhdəliklərimin olmadığına, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabe olacağıma, Azərbaycan dövlətinə sədaqətlə xidmət edəcəyimə, onun müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qoruyacağıma, Azərbaycan Respublikasının adət-ənənələrinə və mədəniyyətinə hörmət edəcəyimə and içirəm”. 

Dəyişikliyə əsasən, andiçmə təntənəli şəraitdə Azərbaycanın Dövlət Bayrağı önündə Konstitusiyaya əl basmaqla həyata keçirilir. And içən Azərbaycan vətəndaşı andın mətnini imzalayır və bu sənəd müvafiq icra hakimiyyəti orqanında saxlanılır.

Layihə müzakirələrdən sonra Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Son xəbərlər

Orphus sistemi