Yuxarı

​Azərbaycan və Pakistan prezidentləri arasında təkbətək görüş olub

Söhbət zamanı ikitərəfli, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb

Bakı. 11 mart. REPORT.AZ/ Martın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseynin təkbətək görüşü olub.

“Report” xəbər verir ki, görüşdə ölkələrimiz arasında dostluq, əməkdaşlıq və strateji tərəfdaşlıq prinsiplərinə söykənən ikitərəfli münasibətlərin siyasi, iqtisadi, humanitar və digər sahələrdə uğurla inkişafından məmnunluq ifadə olunub. Pakistan Prezidenti Məmnun Hüseynin Azərbaycana rəsmi səfərinin əlaqələrimizin möhkəmləndirilməsi işinə öz töhfəsini verəcəyinə əminlik bildirilib. Ölkələrimiz arasında əməkdaşlığın müxtəlif sahələrdə genişləndirilməsi üçün yaxşı potensialın olduğu qeyd edilib.

Söhbət zamanı ikitərəfli, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bu arada Azərbaycan Respublikasına rəsmi səfərə gələn Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseynin martın 11-də rəsmi qarşılanma mərasimi olub.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseyni qarşılayıb. Fəxri qarovul dəstəsinin rəisi Pakistan Prezidentinə raport verib.

Pakistan İslam Respublikasının və Azərbaycan Respublikasının dövlət himnləri səslənib. Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçiblər. Pakistan Prezidenti Azərbaycan əsgərlərini salamlayıb.

Azərbaycan Respublikasının dövlət və hökumət nümayəndələri Prezident Məmnun Hüseynə, Pakistan İslam Respublikasının nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olunub.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib.

Prezidentlər rəsmi foto çəkdiriblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi