Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri vəzifəsinə seçki keçirilib

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri vəzifəsinə seçki keçirilib Tədbirdə Prezident Administrasiyasının nümayəndəsi çıxış edib
Daxili siyasət
9 Mart , 2016 13:16
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri vəzifəsinə seçki keçirilib

Bakı. 9 mart. REPORT.AZ/ Bu gün Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) III Hesabat-seçki konfransı keçirilib. "Report"un xəbərinə görə, tədbirdə dövlət himni səsləndirildikdən sonra Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gəncləri Birliyinin sədri Leyla Əliyevanın ATGTİ-nin III hesabat-seçki qurultayına ünvanladığı təbrik məktubu səsləndirilib.

Daha sonra 3 il ərzində görülən işlər haqqında hesabat xarakterli videoçarx nümayiş olunub.

ATGTİ-nin Nəzarət-Təftiş Komissiyası hesabat təqdim edib. İttifaqın sabiq sədri Şahin İsmayılov görülmüş işlər və əldə olunmuş uğurlar haqqında danışıb.

Tədbirdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov bildirib ki, ATGTİ ölkənin gənclər sektorunda xüsusi çəkiyə malikdir: "Ötən dövr ərzində ittifaq qabaqcıl ideyalar və dəyərlər gətirən, orjinal təşəbbüslərlə çıxış edən və daim yeniləşən vahid qüvvəyə çevrilib. Bu ittifaq tələbə-gənclər təşkilatlarını birləşdirərək onların bilik və bacarıqlarını, ideyalarını reallaşdırmağa böyük köməklik göstərir".

Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Tahir Süleymanov isə qeyd edib ki, 2009-cu ilin sonlarında təsis olunan ittifaqın yaradılmasında məqsəd pərakəndə şəkildə fəaliyyət göstərən tələbə gənclər təşkilatlarının fəaliyyətini əlaqələndirmək və stimullaşdırmaq idi: "İttifaq yarandığı zamandan öz missiyasını layiqincə yerinə yetirə bilib. Hesabat dövründə 350 layihə, minlərlə gənci əhatə edən irimiqyaslı tədbirlər həyata keçirilib. Bu gün Azərbaycanda 300-dən çox qeydiyyatdan keçən gənclər təşkilatları mövcuddur. 35 min üzvü olan ATGTİ üzvlərinin sayına görə gənclər sektorunda ən böyük təşkilatdır. Dövlət qurumları belə təşkilatların fəaliyyətinə həmişə hərtərəfli dəstək verir".

Çıxışlardan sonra səsvermə ilə ATGTİ-nin İdarə Heyətinin üzvləri seçilib. İttifaqın 5 nəfərdən ibarət Nəzarət-Təftiş Komissiyası yenidən formalaşdırılıb.

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqına yeni sədr də seçilib. Elektron səsvermə yolu ilə keçirilən seçkidə bu vəzifəyə 5 namizəd arasından sabiq sədr Şahin İsmayılov yenidən layiq görülüb.

Son xəbərlər

Orphus sistemi