Yuxarı

Azərbaycan şahmatçıları Rumıniyada Avropa çempionatında iştirak edəcəklər

İlk 14 yeri tutan şahmatçılar Dünya Çempionatına vəsiqə qazanacaqlar

Bakı. 17 may. REPORT.AZ/ Rumıniya Şahmat Federasiyasının təşkilatçılığı, Rumıniya Gənclər və İdman Nazirliyi və Constanta şəhər Bələdiyyəsinin dəstəyilə may ayının 26-dan iyun ayının 8-dək Mamaia şəhərində şahmat üzrə qadınlar arasında 17-ci fərdi Avropa çempionatı keçiriləcək. Rumıniya Şahmat Federasiyasından "Report"a verilən məlumata görə, 27 ölkədən (Bolqarıstan, Türkiyə, Rusiya, Gürcüstan, Almaniya, Polşa, Ukrayna, Avstriya, Rumıniya, İtaliya, Macarıstan İngiltərə, İsrail, İspania, Çexiya və s.) 67-si qrossmeyster olmaqla 117 şahmatçının mübarizə aparacağı Avropa çempionatında azərbaycanlı şahmatçılar da iştirak edəcək. Yarışda Azərbaycanı 8 şahmatçı, o cümlədən qrossmeysterlər Nərmin Kazımova (2364 xal), Gülnar Məmmədova (2319), Günay Məmmədzadə (2318), Türkan Məmmədyarova (2257), Zeynəb Məmmədyarova (2236), Xəyalə Abdulla (2209), beynəlxalq usta Ülviyyə Fətəliyeva (2301) və FİDE ustası Aydan Höccətova (2300) təmsil edəcəklər.
Çempionatın əsasnaməsinə görə, ilk 14 yeri tutan şahmatçılar Dünya Çempionatına vəsiqə qazanacaqlar. İsveçrə sistemi ilə 11 turdan ibarət olan yarış may ayının 27-də başlayacaqvə iyun ayının 7-də başa çatacaq. Avropa çempionatının ümumi uduş fondu 60 min avrodur. İlk yerin qalibi 11 min avro, 2-ci və 3-cü yerin qalibləri isə müvafiq olaraq 9 və 7 min avro məbləğində mükafat qazanacaqlar.

Qeyd edək ki, Avropa çempionatının açılışı ərəfəsində təşkilatçılar şahmat həvəskarları üçün də xüsusi sürpriz hazırlayıblar. Mayın 26-da saat Constanta şəhərinin Ovidiu meydanında təşkil olunacaq şahmat yarışında həvəskarlar xüsusi qonaq qismində dəvət olunan şahmat üzrə dünya çempionu Anatoli Karpovla da görüşmək imkanı əldə edəcəklər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi