Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti yaradılıb - ƏLAVƏ OLUNUB

Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti yaradılıb - ƏLAVƏ OLUNUB Prezident İlham Əliyev bununla bağlı fərman imzalayıb
Daxili siyasət
25 May , 2018 17:26
Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti yaradılıb - ƏLAVƏ OLUNUB
0 : 00
0 : 00

Bakı. 25 may. REPORT.AZ/ Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti yaradılıb.

“Report”un xəbərinə görə, Prezident İlham Əliyev bununla bağlı fərman imzalayıb.

Fərmana əsasən, Maliyyə Monitorinqi Xidməti Azərbaycanda cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısını almaq sahəsində vahid tənzimləməni və nəzarəti həyata keçirən, fəaliyyəti əlaqələndirən və dövlət büdcəsindən maliyyələşən publik hüquqi şəxsdir.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına Xidmətin nizamnaməsinin layihəsini bir ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək tapşırılıb.

Xidmətin yaradılması ilə əlaqədar Azərbaycan Respublikası qanunlarının uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək üçün Nazirlər Kabinetinə tapşırıq verilib.

Nazirlər Kabineti həmçinin Azərbaycan Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Prezidentə təqdim edəcək.

NK-ya bundan əlavə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək tapşırığı da verilib.

Nazirlər Kabinetinə Əmlak Məsələləri Dövlət Komitəsi ilə birlikdə Xidmətin fəaliyyətinin təşkili üçün maddi-texniki təminat məsələlərini həll etmək, Maliyyə Bazarlarına Nəzarət Palatasının Xidmətin fəaliyyətinin həyata keçirilməsinə xidmət edə bilən dövlət əmlakının inventarizasiyasını apararaq, həmin dövlət əmlakının Xidmətin istifadəsinə verilməsi ilə bağlı tədbirlər görmək və bu barədə üç ay müddətində Prezidentinə məlumat vermək tapşırılıb.

Ədliyyə Nazirliyini də mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat vermək tapşırığı verilib.

Sənəddə qeyd olunub ki, Azərbaycanda cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizənin gücləndirilməsi üçün sistemli və kompleks tədbirlər həyata keçirilir. Son illərdə qlobal iqtisadi çağırışlara uyğun olaraq bu istiqamətdə aparılan, dövlətin və cəmiyyətin maraqlarının qorunmasına yönəlmiş genişmiqyaslı tədbirlər nəticəsində, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi məqsədi ilə maliyyə sistemindən istifadə olunması imkanlarını istisna edən şəraitin, hüquqpozmaların aşkar edilməsi və qarşısının alınması üçün hüquqi mexanizmin yaradılması istiqamətində bir sıra mühüm nailiyyətlər əldə olunub.

Azərbaycan yeni beynəlxalq çağırışları nəzərə alaraq, ölkədə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı risk əsaslı mübarizə sisteminin çərçivəsini müəyyənləşdirmək üçün risklərin qiymətləndirilməsi layihəsini həyata keçirmiş, beynəlxalq təşəbbüslərə və əməkdaşlığa mühüm töhfələr verib. Ölkəmizdə bu sahədə həyata keçirilən islahatlar, o cümlədən qanunvericiliyin təkmilləşdirilməsi, institusional potensialın gücləndirilməsi, hesabatlılıq sisteminin yaradılması, qabaqcıl texnologiyanın tətbiqi sahəsində əldə edilmiş nailiyyətləri Avropa Şurasının Pulların Yuyulmasına və Terrorçuluğun Maliyyələşdirilməsinə qarşı Tədbirlərin Qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsi yüksək dəyərləndirib.

Maliyyə xidmətlərinin çatdırılması kanallarının diversifikasiyası və beynəlxalq əlaqələrin genişlənməsi, informasiya-kommunikasiya texnologiyalarının inkişafı cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində də nəzarət sisteminin təkmilləşdirilməsi ilə bağlı yeni hədəflər müəyyən edib.

Göstərilən hədəflərə nail olmaq cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlərdə dövlət qurumlarının potensialının gücləndirilməsini və bu sahədə fəaliyyətin effektiv əlaqələndirilməsini təmin edən koordinasiya mexanizminin yaradılmasını, onlar arasında əməkdaşlığın və məlumat mübadiləsi sisteminin səmərəliliyinin artırılmasını, beynəlxalq əməkdaşlığın genişləndirilməsini zəruri edir.

Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində tələblərə riayət olunması mexanizmini təkmilləşdirmək, nəzarət orqanının potensialını gücləndirmək, aidiyyəti dövlət orqanları və qurumlarının fəaliyyətinin əlaqələndirilməsində səmərəliliyi daha da artırmaq üçün bu xidmər yaradılır.

Son xəbərlər

Orphus sistemi