Azərbaycan prokurorluğunun yaradılmasının 104-cü ildönümü ilə bağlı tədbir keçirilib

Azərbaycan prokurorluğunun yaradılmasının 104-cü ildönümü ilə bağlı tədbir keçirilib Baş Prokurorluqda 1 oktyabr – Azərbaycan prokurorluğunun yaradılmasının 104-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.
Daxili siyasət
1 Oktyabr , 2022 10:47
Azərbaycan prokurorluğunun yaradılmasının 104-cü ildönümü ilə bağlı tədbir keçirilib

Baş Prokurorluqda 1 oktyabr – Azərbaycan prokurorluğunun yaradılmasının 104-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.

“Report”un xəbərinə görə, tədbirdə Baş prokuror Kamran Əliyev, Baş prokurorluğun əməkdaşları, media nümayəndələri iştirak ediblər.

Əvvəlcə ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Toplantıda çıxış edən Kamran Əliyev prokurorluq orqanlarının yaradılmasından danışıb: “Müstəqillik dövründə prokurorluq özünün inkişaf yoluna qədəm qoyub. 1999-cu ildə Azərbaycanda prokurorluq haqqında qanun qəbul edilib. Bu gün də bizə ulu öndər tərəfindən bəxş edilib. Ümummilli lider Heydər Əliyevin 17 iyul 1998-ci il tarixli sərəncamına əsasən, hər il oktyabrın 1-i prokurorluq işçilərinin peşə bayramı kimi qeyd edilir”.

O qeyd edib ki, 2002-ci ildən prokurorluğa qəbul test üsulu ilə həyata keçirilir: “Bu il üçün də işə qəbul elan etmişik. Artıq dünən bu proses başa çatıb. 407-dən artıq hüquqşünas gənc müraciət edib”.

Baş prokuror bildirib ki, əldə edilən uğurlar az deyil: “Düzdür, fəaliyyətimizdə müəyyən nöqsanlar da var. Bizim qarşıda hələ görəcəyimiz işlər çoxdur. Ümid edirəm ki, növbəti illərdə də vəzifələrimizi layiqincə yerinə yetirəcəyik”.

K.Əliyev vurğulayıb ki, 70-dən artıq prokurorluq əməkdaşlarının təltif edilməsi ilə bağlı əmr imzalayıb.

Daha sonra toplantıda Prezident İlham Əliyevin 30 sentyabr tarixli Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında sərəncamı oxunub. Baş prokuror Kamran Əliyev sərəncamda adı keçən şəxslərə ali xüsusi rütbələr təqdim edilib.

Bundan sonra isə Kamran Əliyevin müvafiq əmri oxunub və bəzi şəxslər təltif olunublar.

Son xəbərlər

Orphus sistemi