Azərbaycan Prezidentinin köməkçisi KİV rəhbərləri ilə görüşüb - FOTO

Azərbaycan Prezidentinin köməkçisi KİV rəhbərləri ilə görüşüb - FOTO "Görüşün nəticəsi olaraq Tədbirlər Planı ilə bağlı tövsiyələr Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə təqdim ediləcək"
Daxili siyasət
5 İyun , 2015 13:43
Azərbaycan Prezidentinin köməkçisi KİV rəhbərləri ilə görüşüb - FOTO

Bakı. 5 iyun. REPORT.AZ/ Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov KİV rəhbərləri ilə görüşüb.

"Report" xəbər verir ki, görüşdə Azərbaycan mətbuatının 140 illik yubileyi ilə bağlı keçiriləcək tədbirlər və ilk Avropa Oyunlarına hazırlıq və kampaniyanın KİV-də işıqlandırılması məsələləri müzakirə olunub. Prezident İlham Əliyevin mətbuatın 140 illiyinin keçirilməsi ilə bağlı sərəncam imzaladığını xatırladan Ə.Həsənov bildirib ki, sənəddə Tədbirlər Planının hazırlanması nəzərdə tutulub: "Bu Tədbirlər Planını KİV rəhbərləri ilə müzakirə etməyi zəruri sayırıq". 

O deyib ki, görüşün nəticəsi olaraq Tədbirlər Planı ilə bağlı tövsiyələr Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə təqdim ediləcək və Tədbirlər Planı təsdiq olunacaq. 

Ə.Həsənov Azərbaycanda keçiriləcək I Avropa Oyunları kampaniyasını yüksək səviyyədə işıqlandırdığına görə, KİV-ə təşəkkür edib. O bildirib ki, I Avropa Oyunları Azərbaycanın böyük uğurudur: "Bəziləri heç Azərbaycanı Avropa dövləti kimi tanımaq istəmir. İslamafobiya xəstəliyinə tutulan bəzi avropalılar müsəlman dövlətinin yüksəlişinə ciddi bir faciə kimi baxırlar, müsəlman xalqlarının dinamik inkişafından ciddi əndişə keçirirlər. Biz belələrinə nümunə göstərməliyik ki, Azərbaycan kimi müsəlman dövlətləri heç də sizin ən nümunəvi, digər dinlərə sitayiş edən dövlətlərinizdən geri qalmır. Azərbaycanın ortaya qoyduğu nümunə ilə Qərbin ortaya qoyduğu nümunənin heç bir fərqi yoxdur".

Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, Prezident İlham Əliyevin imzaladığı sərəncamda mətbuatın 140 illiyinə baxış var, mətbuatın indiki və gələcək durumu, demokratik proseslərdə rolu önə çəkilir: "Bu, mətbuatımıza çox böyük qayğıdır, dövlət başçısına təşəkkürümü bildirirəm. Mətbuatın 130, 135 illiyi və 140 illiyi ilə bağlı verilən sərəncamlar mətbuatın bayramına çevrilir. Mətbuatımızın 130 illiyi ilə bağlı sərəncamla “Əməkdar jurnalist” və digər fəxri adlar bərpa olundu". 

Ə.Amaşov vurğulayıb ki, Mətbuat Şurasına fəxri ad almaqla bağlı son günlər 30 ərizə daxil olub və belə müraciətlərin 1000-ə çatacağı gözlənilir: "Ancaq biz bilmirik ki, mükafatlandırmaya təqdim olunacaq jurnalistləri hansı meyarlarla seçməliyik. Mətbuatda 40-50 il çalışmış jurnalistlər var, ancaq nədənsə çəkinirlər, müraciət etmirlər. Eləcə də müxtəlif qurumların mətbuat xidmətlərində çalışanlar var”. 

Mətbuat Şurasının sədri, həmçinin Avropa Oyunlarına qarşı çıxanlarla mübarizəyə səfərbər olduqlarını qeyd edib: “Azərbaycan jurnalistikası ilk Avropa Oyunlarının ayrı-ayrı məqamlarının tarixdə qalması üçün fəaliyyət göstərəcək. Medianın bu Oyunları işıqlandırması üçün böyük vəsait ayrılıb. Digər tərəfdən, bu sahədə agentliklərdə, saytlarda problemlər yoxdur. Ancaq sosial şəbəkələrdə problemlərə rast gəlinir. Sosial şəbəkədə bir profil açılıb, Vahid Mustafayevin, mənim, Arif Alışanovun, Bəxtiyar Sadıqovun və digərlərinin adları var, bizi ittiham edirlər ki, guya hakimiyyət bizi ömürlük icarəyə götürüb. Azərbaycan “Facebook” və digər sosial şəbəkələrin rəhbərləri ilə danışıqlar aparmalı, belə profillər bağlanmalıdır. İnsanların ailələri, qohumları var, belə hərəkətlərə yol vermək olmaz. Görüşümüzün nəticəsi kimi belə məqamları da ölkə rəhbərliyinə çatdırmalıyıq”.

Ə.Amaşovun qaldırdığı məsələyə münasibət bildirən Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov hamını elə hallara fikir verməməyə çağırıb: "Bunların mərkəzi Qərbdir. Qərb dövlətlərində onların liderləri ilə bağlı belə saytlara, profillərə rast gələrsiniz? Belə hala rast gəlsəniz, ona mətbuat azadlığı sahəsində Azərbaycanın ən ali mükafatının verilməsini təklif edərəm. Böyük Britaniya kral ailəsi ilə məhkəmə çəkişməsini uduzan “Guardian” qəzetinə kral ailəsi haqqında yazı yazmaq qadağan olunub. Təsəvvür edin ki, Azərbaycanda prezident və ailəsi haqqında yazmaq hansısa media orqanına qadağan olunub, nə baş verərdi, necə qiymətləndirərdilər? BMT-nin insan hüquqları üzrə nümayəndəsini, ATƏT rəsmilərini belə Azərbayсana qarşı ikili standartlarla çıxış etməyə vadar edirlər. Azərbaycanda sağlam jurnalistika həmişə belələrinə qarşı olub və olacaq. Sosial şəbəkələrdə təhqiramiz hallara yol verənlər öz mahiyyətlərini ortaya qoyurlar. Siz belələrinə fikir verməyin”.

Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun sədri Vüqar Səfərli mətbuatın 140 illiyi ilə bağlı tədbirlərin Azərbayan mətbuatının bainisi Həsən bəy Zərdabinin vətəni Zərdab rayonundan başlayacağını nəzərə çatdırıb. O qeyd edib ki, birinci Avropa Oyunları ilə bağlı Milli Olimpiya Komitəsi ilə birgə jurnalist müsabiqəsi keçirilib və nəticələr yaxın zamanda ictimaiyyətə açıqlanacaq. V. Səfərli Azərbaycanda mətbuata dəstək istiqamətində görülən işlərdən, fond tərəfindən qəzetlərə ayrılan yardımlardan söz açıb. O, bundan sonra da bu istiqamətdə yardımların davam etdiriləcəyini söyləyib.

Daha sonra isə Ə. Həsənov bildirib ki, hansı rayonda başlamasından asılı olmayaraq, ilk növbədə yubiley tədbirlərinin keçiriləcəyi bölgələr müəyyənləşdirilməlidir: "Vaxt məsələsini də nəzərə alaraq, rayonlar yox, tədbirlərin keçiriləcəyi bölgələr müəyyənləşdirilməlidir. Jurnalistlərin mükafatlandırılması məsələsi də kifayət qədər mürəkkəbdir. Biz siyahını dövlət başçısına təqdim edəcəyik, son qərarı dövlət başçısı verəcək. Ancaq təklifləri sizdən gözləyəcəyik. O orden və medallarla bağlı standartlar var. Jurnalist ən azı 10 il səmərəli fəaliyyət göstərməlidir ki, ona "Tərəqqi" medalı verilsin. Jurnalistlərə ev verilərkən də layiqli olanları seçməyə çalışdıq. Redaksiyalara da müəyyən səlahiyyətlər verməliyik ki, mükafatlandırma ilə bağlı təkliflərini versinlər. Dövlət başçısı mütəmadi olaran xidmətlərinə görə jurnalistləri mükafatlandırır, yubileylər dövründə bu siyahı geniş olur. Biz bölgələrdə tədbirlərin keçirilməsini, Bakı Dövlət Universitetində elmi-praktiki konfransın təşkil olunmasını nəzərdə tutmuşuq. Mətbuatın inkişafı ilə bağlı müəyyən yazılar da yazıla bilər. Jurnalistika tarix yox, səlnamə yaradır. Ona görə də təkliflərinizi verin". 

“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı mətbuatın 140 illiyi ilə bağlı tədbirlərin Tbilisi və İstanbulda keçirilməsini təklif edib.

Ə.Həsənov təklifin müsbət olduğunu söyləyib: “Bu təklif qəbul oluna bilər. İlk mətbuat nümunələrimiz Tbilisidə nəşr olunub, İstanbulda mühacir ədəbiyyatımız nəşr olunub. Bu təkliflər imkan daxilində nəzərə alına bilər. Biz dünyaya çatdırmalıyıq ki, 140 il əvvəl ilk mətbuat orqanımızı yaratmışıq, Şərqdə ilk demokratik cümhuriyyəti qurmuşuq. Bizə demokratiya dərsi vermək istəyənlər arasında bizdən sonra qadınlara seçki hüququ vermiş ölkələr var. Onlara göstərməliyk ki, biz onların təqdim etməyə çalışdığı kimi geridə qalmamışıq. Xalqımızın müasir dünyada yerini hamıya çatdırmağa çalışmalyıq”. 

Tədbirdə Mətbuat Muzeyi yaradılması təklif edilib. Ə. Həsənov milli mətbuatla bağlı görülən işlərdən danışıb: “Milli mətbuat nümunələrimizin qalıqlarını toplayıb, elektron və digər mətbuat orqanlarda işıqlandırılması da yaxşı olardı”.

Son xəbərlər

Orphus sistemi