Yuxarı
    Bağlamaq

    Azərbaycan Prezidenti özünə yeni köməkçi təyin edib - FOTO

    Prezident sərəncam imzalayıb

    Bakı. 25 yanvar. REPORT.AZ/ Prezident İlham Əliyev Natiq Əmirovun Azərbaycan Respublikası Prezidentinin İqtisadi islahatlar üzrə köməkçisi təyin edilməsi haqqında sərəncam imzalayıb. “Report” xəbər verir ki, sənədə əsasən, Natiq Ərziman oğlu Əmirov Azərbaycan Respublikası Prezidentinin İqtisadi islahatlar üzrə köməkçisi təyin edilib.

    Qeyd edək ki, N.Əmirov bu təyinata qədər vergilər nazirinin birinci müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri olub.

    N.Əmirov 1967-ci ildə Dəvəçi (indiki Şabran) rayonunda anadan olub. 1990-cı ildə N.A.Voznesenskiy adına Leninqrad Maliyyə-İqtisad İnstitutunu iqtisadçı ixtisası, 1998-ci ildə isə Elmi-Təhsil Mərkəzi Təfəkkür Universitetini hüquqşünas ixtisası ilə bitirib.

    1990-1991-ci illərdə Sumqayıt şəhəri Maliyyə şöbəsində böyük büdcə iqtisadçısı, 1991-1993-cü illərdə Sumqayıt şəhəri Dövlət Vergi Müfəttişliyinin Vətəndaşların vergiyə cəlb edilməsi şöbəsində böyük dövlət vergi müfəttişi, 1993-1994-cü illərdə Sumqayıt şəhəri Dövlət Vergi Müfəttişliyinin Dövlət müəssisələrinin, təşkilatların və birliklərin mənfəətinin (gəlirlərinin) vergiyə cəlb edilməsi və sair gəlirlər şöbəsində dövlət vergi müfəttişi, 1994-1997-ci illərdə Sumqayıt şəhəri Dövlət Vergi Müfəttişliyində Qeyri-dövlət müəssisələrində vergi qanunvericiliyinə və dövlət qiymət intizamına nəzarət şöbəsinin rəisi, 1997-2000-ci illərdə Sumqayıt şəhəri Dövlət Vergi Müfəttişliyində rəis müavini, 2000-2001-ci illərdə Bakı şəhəri Səbail Rayonu Vergilər İdarəsinin rəis müavini işləyib.

    2001-2003-cü illərdə Azərbaycan Respublikası Vergilər Nazirliyi İri vergi ödəyiciləriylə iş üzrə Departamentin rəis müavini, 2003-2005-ci illərdə Azərbaycan Respublikası Vergilər Nazirliyi İqtisadi Təhlil və Uçotun Təşkili İdarəsinin rəisi, 2005-2009-cu illərdə isə Azərbaycan Respublikası vergilər nazirinin müavini vəzifələrində çalışıb.

    Azərbaycan Respublikası Prezidentinin 4 mart 2009-cu il tarixli sərəncamı ilə Azərbaycan Respublikası vergilər nazirinin birinci müavini vəzifəsinə təyin edilib.

    Ailəlidir, 3 övladı var.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi