Yuxarı

Azərbaycan Prezidenti: "Valyuta bazarının tənzimlənməsi ilə bağlı Milli Məclisə təkliflər göndərilib"

Prezident İlham Əliyev: Milli Məclisin növbədənkənar sessiyasında məsələyə baxılacaq

Bakı. 18 yanvar. REPORT.AZ/ "Valyuta bazarının tənzimlənməsi ilə bağlı Milli Məclisə təkliflər göndərilib".

"Report" xəbər verir ki, bunu yanvarın 18-də iqtisadi və sosial məsələlərin həlli ilə bağlı müşavirədə Azərbaycan Prezidenti İlham Əliyev bildirib.

Valyuta bazarının tənzimlənməsi ilə bağlı müvafiq göstərişlərin verildiyini, təkliflərin hazırlandığını deyən dövlət başçısı bu sahədə qanunvericilik bazasının möhkəmləndirilməsinin əhəmiyyətinə toxunub, Milli Məclisin növbədənkənar sessiyasında məsələyə baxılacağını deyib.

Dövlət başçısı manatın etimadının bərpası ilə bağlı ciddi tədbirlərin görülməsinin əhəmiyyətinə də toxunub, hazırda ölkədə müşahidə olunan dollarizasiya prosesinin heç bir iqtisadi əhəmiyyətinin olmadığını deyib. Manatın məzənnəsinin sabit saxlanmasının təkcə hökumətdən asılı olmadığını deyən dövlət başçısı bank sektorunun tənzimlənməsi ilə bağlı təkliflərə baxıldığını, problemli bankların sağlamlaşdırılması prosesinin aparılması, dövlət istiqrazlarının buraxılması, əmanətlərin sığortalanması ilə bağlı əlavə tədbirlərin görülməsinin vacibliyini bildirib, bu kimi tədbirlərin milli valyutaya olan inamı artıracağını deyib.

Prezident İlham Əliyev bildirib ki, ölkənin xarici borcunun çox aşağı səviyyədə olması və mövcud vəziyyət nəzərə alınaraq xarici maliyyə bazarlarından lazımi qədər maliyyə resursları Azərbaycan bazarına cəlb edilə bilər. Qeyri-neft sektorunun inkişafının indiki vəziyyətdə prioritet olmasının vacibliyini bildirən dövlət başçısı Sahibkarlığa Kömək Milli Fondunun dəstəyi ilə bu il 250 milyon manat güzəştli kreditlərin veriləcəyini, sahibkarların öz maliyyə resurslarını da nəzərə alaraq o zaman regionlara qoyulan investisiyanın həcminin təxminən 1 milyard manat olacağını bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi