İlk xəbər dekabrın 15-də saat 20:26-da verilib.
Bakı. 16 dekabr. REPORT.AZ/ Dekabrın 15-də Azərbaycan Prezidenti İlham Əliyev Sabirabad rayonuna səfərə gəlib. "Report"un məlumatına görə, dövlət başçısı əvvəlcə Sabirabad şəhərinin mərkəzi meydanında ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib.
Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov Prezident İlham Əliyevə meydanda aparılan abadlıq işləri barədə məlumat verib. Bildirilib ki, burada rayon sakinləri və qonaqların istirahəti üçün hərtərəfli şərait yaradılıb. Meydanda fəvvarələr, müasir işıqlandırma sistemi quraşdırılıb, geniş yaşıllaşdırma işləri görülüb.
Daha sonra Prezident İlham Əliyev Nizami-Əliləmbəyli-Azadkənd-Sarxanbəyli avtomobil yolunun açılışında iştirak edib.
Dövlət başçısına yolun texniki-iqtisadi göstəriciləri barədə məlumat verilib. Bildirilib ki, 22 min nəfərin yaşadığı 12 yaşayış məntəqəsini birləşdirən bu yol ən müasir səviyyədə inşa edilib. Uzunluğu 46 kilometr olan yolun inşası zamanı 36 su keçidi tikilib, yol kənarlarında 900-ə yaxın yol nişanı və siqnal dirəyi, 12 dayanacaq quraşdırılıb. Texniki göstəricilərinə görə 4-cü dərəcəli yol sakinlərin rahatlığı ilə yanaşı, həm də hərəkət iştirakçılarının təhlükəsizliyini təmin edəcək. Bu cür kəndarası yolların inşası sosialyönümlü tədbirlər olmaqla yanaşı, həm də ölkəmizin iqtisadi qüdrətinin nümayişi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu tədbirlər sübut edir ki, ölkədə həyata keçirilən infrastruktur layihələri Azərbaycanın hər bir bölgəsini, rayonunu və kəndini əhatə edir, həmçinin regionlarda yol-nəqliyyat infrastrukturunun daha da müasirləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsib.
Bundan sonra Prezident İlham Əliyev əsaslı şəkildə yenidən qurulan Sabirabad rayon Mədəniyyət Evində yaradılan şəraitlə tanış olub.
Qeyd edilib ki, Mədəniyyət Evi 1976-cı ildə istifadəyə verilib. O vaxtdan bəri burada əsaslı təmir işləri aparılmayıb. İndi yenidən qurulan bu bina ən müasir səviyyəyə çatdırılıb, incəsənət adamlarının fəaliyyəti üçün geniş imkanlar yaradılıb.
Bildirilib ki, Mədəniyyət Evinin ikimərtəbəli binasında əsaslı təmir işlərinə 2013-cü ilin aprelində başlanılıb və bu ilin dekabrında başa çatdırılıb. Bölgələrdə mədəniyyət ocaqlarının yenidən qurulması, müasir tipli yeni mədəni infrastrukturun yaradılması bu sahənin regionlarda hərtərəfli inkişafına stimul verir. Bütün bu tədbirlər bir daha onu göstərir ki, qədim və zəngin mədəni dəyərlərə malik olan Azərbaycanda mədəniyyət məsələləri daim diqqətdə saxlanılır. Bu gün mədəniyyət xadimləri, incəsənət adamları ən yüksək səviyyədə qayğı ilə əhatə olunublar. Onların sosial məsələlərinin həllinə dövlət səviyyəsində həmişə diqqət göstərilib.
Binada ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkədə mədəniyyətin inkişafına göstərdikləri qayğıdan bəhs edən fotostend yaradılıb. Ulu öndər Heydər Əliyevin 1976-cı ildə Sabirabada səfəri zamanı bu Mədəniyyət Evinin açılışında iştirakının əbədiləşdiyi foto diqqəti xüsusilə cəlb edir.
Diqqətə çatdırılıb ki, binanın 377 yerlik akt zalında Sabirabadın mədəni həyatında baş verən hadisələri qeyd etmək, həmçinin respublika və rayon əhəmiyyətli müxtəlif tədbirləri keçirmək üçün hər cür şərait var. Bütün bunlar rayonun mədəniyyət və incəsənət işçilərinə yeni uğurlar əldə etmək üçün həm stimul verir, həm də geniş imkanlar yaradır.
Mədəniyyət Evinin zəngin kitab fondu, oxu zalı və 20 yerlik konfrans zalı da var. Musiqi alətləri otağı, rəqs zalı, ədəbiyyat, muğam, aşıq sənəti, təsviri incəsənət, evdarlıq, heykəltəraşlıq dərnəkləri gənclərin asudə vaxtlarını səmərəli keçirmələri baxımından mühüm əhəmiyyət kəsb edir.
Daha sonra dövlət başçısı Heydər Əliyev Fondunun təşəbbüsü ilə Sabirabadda inşa olunan uşaq bağçasının açılışında iştirak edib və uşaq bağçasının binasının rəmzi açılışını bildirən lenti kəsib.
Məlumat verilib ki, inşasına bu ilin aprelində başlanılan ikimərtəbəli binada uşaqların təlim-tərbiyəsi və gələcəyin sağlam vətəndaşı kimi yetişmələri üçün hərtərəfli şərait yaradılıb. Bağçada 3 yaşdan 6 yaşadək 100 uşaq 4 qrupda təlim-tərbiyə alacaq. Burada qruplar yaradılarkən müasir təlim-tərbiyə prosesləri əsas götürülüb. Binada uşaqların istirahəti və əyləncəsi üçün geniş imkanlar var. Bağçada balacaların intellektual, fiziki və əqli inkişafı, onların istedad və qabiliyyətlərinin üzə çıxarılması, sağlamlıqlarının qorunması, insanlarla ünsiyyətin qurulması diqqət mərkəzində saxlanılır.
Uşaq bağçasının ərazisində abadlıq işləri görülüb, yaşıllıqlar salınıb, yay çardağı, oyun meydançası yaradılıb, su anbarı və transformator yarımstansiyası quraşdırılıb.
Bundan sonra Azərbaycan Prezidenti Sabirabad şəhərinə içməli suyun verilməsi mərasimində iştirak edib.
Sabirabad şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması Azərbaycan hökuməti və Dünya Bankı tərəfindən birgə maliyyələşdirilən “Milli su təchizatı və kanalizasiya xidmətləri” layihəsi çərçivəsində həyata keçirilir. Layihə 2030-cu ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla Sabirabad şəhəri, Qalaqayın, Suqovuşan, Kürkənd, Əsədli, Bulaqlı, Balakənd kəndlərində 50 min nəfərdən artıq insanın su təchizatının yaxşılaşmasına hesablanıb. Sabirabad və Saatlı şəhərlərində istehlakçıların keyfiyyətli və dayanıqlı su təchizatının təmin edilməsi məqsədilə Hacıqabul rayonu ərazisində yerləşən və Abşeron yarımadasını içməli su ilə təmin edən Kür sutəmizləyici qurğularından 62 kilometr uzunluğunda magistral su kəməri tikilib.
“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov dövlət başçısına məlumat verib ki, “Sabirabad şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin icrasına başlanandan indiyə qədər şəhərdə layihələşdirilmiş 151 kilometr uzunluğunda daxili su şəbəkəsinin 130 kilometrlik hissəsi tikilib, 3640 ünvana ev birləşmələri verilib. İçməli su və kanalizasiya xidmətlərindən istifadənin dəqiq uçotunun aparılması məqsədilə hər bir abunəçinin “smart-kart” tipli sayğacla təmin edilməsi nəzərdə tutulur. Hazırda paylayıcı su şəbəkəsinin və hər birinin tutumu 5 min kubmetr olan 2 su anbarının inşası davam etdirilir. Layihənin davamı olaraq Sabirabad şəhərində 135 kilometr uzunluğunda kanalizasiya şəbəkəsi inşa olunacaq. Tullantı suların təmizlənib zərərsizləşdirilməsi məqsədilə Sabirabad şəhərinin kənarında məhsuldarlığı sutkada 80 min kubmetr olan çirkab sutəmizləyici qurğu tikiləcək. Gələcəkdə Saatlı şəhərinin tullantı suları da burada təmizlənib zərərsizləşdiriləcək. Layihənin icrası 2017-ci ildə başa çatdırılacaq.
Layihənin icrasına qədər olan vəziyyət barədə məlumat verilərkən bildirilib ki, Sabirabad şəhərinin mərkəzləşdirilmiş içməli su təchizatı sistemi 1970-ci illərdə yaradılıb. “Azərsu” ASC hazırda şəhərin 28500 sakinindən 11 mininə və ya təqribən 39 faizinə xidmət göstərir və onlar Kür çayının suyundan istifadə edir. Mərkəzləşdirilmiş qaydada su alan əhaliyə hər gün qrafik üzrə 4-5 saat su verilir. Əhalinin qalan hissəsi isə tələbatını fərdi qaydada ödəyir. Şəhərin kiçik bir hissəsi kanalizasiya şəbəkəsi ilə təmin olunub. Şəbəkənin uzunluğu təqribən 15 kilometrdir.
Qeyd edilib ki, Kür sutəmizləyici qurğuları, Sabirabad-Saatlı magistral su kəməri 2030-cu ilə perspektiv inkişaf nəzərə alınmaqla Sabirabad şəhəri və rayonun 28 kəndinin 100 min, Saatlı şəhəri və rayonun 12 kəndinin 47 min, Hacıqabul rayonunun 4 kəndinin 10 min əhalisinin içməli suya olan tələbatını ödəyəcək. Sabirabad və Saatlı şəhərlərinin dayanıqlı su təchizatına nail olmaq üçün magistral kəmərin üzərində ümumi tutumu 20 min kubmetr olan 4 anbarın inşası davam etdirilir.
Sonra dövlət başçısı Sabirabad rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Daha sonra Prezident İlham Əliyev Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Sabirabad regional “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib və mərkəzin rəmzi açılışını bildirən lenti kəsib.
Bildirilib ki, Sabirabad regional “ASAN xidmət” mərkəzinin dördmərtəbəli binasının tikintisi ən yüksək standartlara uyğun həyata keçirilib. Həyətdə uşaq avtoşəhərciyi yaradılıb və burada balacaların yol hərəkəti qaydalarını öyrənmələri və yol nişanlarını tanımaları üçün bütün şərait var.
Binada müasir müstəqil Azərbaycanın inkişafında mühüm xidmətləri olan ümummilli lider Heydər Əliyevin büstü qoyulub.
Məlumat verilib ki, “ASAN xidmət” mərkəzinin fəaliyyətindən Sabirabadla yanaşı, Saatlı, İmişli, Kürdəmir, Hacıqabul, Salyan, Beyləqan rayonlarının və Şirvan şəhərinin 900 minə yaxın sakini yararlanacaq.
Prezident İlham Əliyevə “Google glass” - biometrik tanınma sistemi barədə də məlumat verilib. Xatırladaq ki, digər mərkəzlərdə olduğu kimi, burada da internetə açıq olan kompyuterlər qoyulub və vətəndaşların bütün növ elektron xidmətlərdən yararlanmaları üçün şərait yaradılıb.
Qeyd edilib ki, Sabirabaddakı “ASAN xidmət” mərkəzində çalışan əməkdaşların ümumi sayı 179 nəfərdir və onların 60 nəfəri könüllüdür. Burada kitabxana, kafe, ana-uşaq otağı, “uşaq əyləncə mərkəzi” də yaradılıb.
Prezident İlham Əliyev səyyar “ASAN xidmət” avtobuslarında yaradılan şəraitlə də tanış olub. Bildirilib ki, avtobusdakı bütün texniki avadanlıq günəş enerjisi ilə işləyir. Bu avtobuslarda vətəndaşlara xidmət göstərmək üçün ofis şəraitinə uyğun ən müasir server və şəbəkə avadanlığı quraşdırılıb.
Diqqətə çatdırılıb ki, 2014-cü il ərzində 25 məntəqədə 30 rayonun əhalisinə səyyar xidmət göstərilib. Bu çərçivədə edilən 59 mindən çox müraciətin 90 faizə yaxını təmin olunub.
Qeyd edilib ki, mərkəzdə 50 avtomobil tutumu olan dayanacaq da tikilib.
Dekabrın 16-da Sabirabadda, Heydər Əliyev Mərkəzində ASAN Könüllülərinin I Ümumrespublika Forumu işə başlayıb. Azərbaycan Prezidenti İlham Əliyev Forumun açılış mərasimində iştirak edib. Dövlət başçısı mərasimdə nitq söylədi.
Sonra “ASAN Könüllüləri” Gənclər Təşkilatı İctimai Birliyinin sədri Fərid Sadıxlı və Sabirabad “ASAN xidmət” mərkəzinin könüllüsü Rəvanə Davudova çıxış ediblər.
Forum işini panel iclaslarla davam etdirir.