Azərbaycan ​Prezidenti: "Qələbə sevinci, qürur hissi, idmançılarımızın rəşadəti, xalqımızın birliyi heç vaxt yadımızdan çıxmayacaq"

Azərbaycan ​Prezidenti: "Qələbə sevinci, qürur hissi, idmançılarımızın rəşadəti, xalqımızın birliyi heç vaxt yadımızdan çıxmayacaq" İlham Əliyev: "Mehriban Əliyeva Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsi üçün canını qoydu"
Daxili siyasət
29 İyun , 2015 18:14
Azərbaycan ​Prezidenti: Qələbə sevinci, qürur hissi, idmançılarımızın rəşadəti, xalqımızın birliyi heç vaxt yadımızdan çıxmayacaq

Bakı. 29 iyun. REPORT.AZ/ I Avropa Oyunlarında qalib gələn idmançılar, onların məşqçiləri, Azərbaycan idman ictimaiyyətinin nümayəndələri və oyunların təşkilində xidmətləri olan xaraici tərəfdaşlarla görüş keçirilib.

"Report"un məlumatına görə, Prezident İlham Əliyev, xanımı "Bakı-2015" I Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və ailə üzvləri mərasimdə iştirak ediblər.

Azərbaycan Prezidenti Avropa Oyunlarının uğurla başa çatması münasibətilə təbriklərini çatdırıb, oyunları Azərbaycan və Avropa üçün tarixi hadisə kimi dəyərləndirib. İndiyədək Azərbaycanda bu səviyyədə beynəlxalq idman yarışı keçirilmədiyini, Avropada isə heç vaxt qitə oyunlarının təşkil olunmadığını deyən dövlət başçısı Avropa Oyunlarının Azərbaycanda baş tutması ilə bağlı qərarın qəbul edilməsinə görə Avropa Olimpiya Komitələrinin prezidenti Patrik Hikkiyə, həmçinin Oyunların keçirilməsində iştirak edən bütün insanlara dərin minnətdarlığını bildirib.

Prezident İlham Əliyev bu Oyunlara ictimaiyyətin dəstək verdiyini, bunun sayəsində oyunların yüksək səviyyədə keçdiyini vurğulayıb.

Prezident oyunlara hazırlıqda Beynəlxalq Əməliyyat Komitəsinin rolunu da yüksək qiymətləndirib.

Könüllülərin fəaliyyətindən danışan dövlət başçısı bildirib ki, onlar bir daha Azərbaycanın böyük potensiala, insan kapitalına malik olduğunu göstərdilər: "Bizim gənclər qürur mənbəyimizdir. Onlar gecə-gündüz peşəkarlıqla, mədəniyyət göstərərək, Azərbaycan xalqına xas olan qonaqpərvərliyi nüməyiş etdirərərək çalışıblar. Doğrudanda, bizim gələcəyimiz etibarlı əllərdədir. Onlar cəmiyyətdə öz layiqli yerlərini tutacaqlar".

İ.Əliyev Avropa Oyunlarının keçirilməsi ilə bağlı yaradılan Təşkilat Komitəsinin fəaliyyətini xüsusi vurğulayıb: "Hər bir xırda məsələ, bütün işlər ən yüksən səviyyədə görülmüşdü. Oyunların keçirilməsində heç bir problem yaşanmayıb. Təşkilat Komitəsinə rəhbərlik edən Mehriban Əliyevanın fəaliyyətini yüksək qiymətləndirirəm. O, bu oyunların keçirilməsinə çox böyük töhvə verib, oyunların bu səviyyədə keçirilməsi üçün canını qoydu.

Təşkilat Komitəsinin tərkibini müəyyən edərkən tam əmin idim ki, bu komitə belə tərkibdə ən yüksək nəticə göstərə bilər. Çünki burada həm təcrübə, həm peşəkarlıq, həm də ən əsası xalqa, dövlətə sevgi-məhəbbət vardı və var. Ümumiyyətlə, bu, ölkəmizin əldə etdiyi uğurların əsas şərtidir".

Dövlət başçısı idmançıların uğurlarının ölkənin gücünü, potensialını göstərdiyini bildirib.

Prezident İlham Əliyev Avropa Oyunlarının cəmiyyətdə unikal əhval-ruhiyyə yaratdığını və bu Oyunların xalqın birliyinin bir daha nümayişinə çevrildiyini qeyd edib: "İdmançıların qələbələri bu Oyunları daha böyük zirvəyə qaldırdı. Azərbaycan komandasının neçənci yer tutması ilə bağlı cəmiyyətdə fərziyyələr var idi. Heç kim inanmırdı ki, bu, ikinci yer olacaq. Bu, tarixi qələbədir, Azərbaycan idmanının qələbəsidir. Sizi öpürəm, bağrıma basıram. Oyunlar keçirilən zaman yəqin ki, hamımız kövrəldik. Bu zaman elə anlar olmuşdu ki, bunu sözlə ifadə etmək çətindir. Qələbə sevinci, qürur hissi, idmançılarımızın rəşadəti, xalqımızın birliyi heç vaxt yadımızdan çıxmayacaq. Azərbaycan bu gün zirvədədir, ölkəmiz inkişafda olan müstəqil dövlət kimi uğurla irəli gedir. Siyasi, iqtisadi sahədə, diplomatik arenalarda, idman yarışlarında böyük qələbələrimiz var. Biz haqlı olaraq, bununla fəxr edirik. Fəxr edirik ki, biz Azərbaycan vətəndaşıyıq. Fəxr edirik ki, biz cəmi 24 il ərzində güclü dövlət qurmuşuq".

Dövlət başçısı nailiyyətlərdən, qazanılan qələbələrdən danışıb, idmanın hər bir ölkənin ümumi inkişafının göstərici olduğunu diqqətə çatdırıb.

Ölkədə idmana göstərilən diqqəti qeyd edən Prezident bildirib ki, bu Oyunlar Azərbaycan idmanının, Azərbaycan dövlətinin təntənəsidir: "Biz gələcəkdə də uğurla inkişaf edəcəyik, Azərbaycan inkişaf yolu ilə gedəcək. Bizim böyük uğurlarımız və qələbələrimiz olacaq".

"Bakı-2015" I Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva Prezident İlham Əliyevə təşəkkürünü bildirib: "17 gün ərzində yaşadığımız xoş anlar üçün Sizə dərin minnətdarlığımızı bildiririk. İdman leksikasından istifadə etsəm, deyə bilərəm ki, bu 17 gün ərzində Azərbaycan xalqı bir komanda idi və Siz bu komandanın şərəfli kapitanı idiniz. Burada qalib gəlməmək mümkün deyildi. Xalqımıza, doğma Azərbaycanımıza xidmət etmək ən böyük şərəfdir. Xidmətimizin nəticələrini görüb, yaşamaq xoşbəxtlikdir. Biz hər birimiz ölkənin əsgəriyik, Azərbaycanın gələcəyi üçün tam gücümüzlə xidmət etməyə hazırıq. Çox sağ olun ki, Azərbaycanı belə yüksək zirvələrə qaldırmısınız. Tanrı Sizi və Azərbaycanı hər zaman qorusun".

Son xəbərlər

Orphus sistemi