Yuxarı

Azərbaycan Prezidenti "Gəncə - 2016-cı il Avropa gənclər paytaxtı"nın iştirakçılarını təbrik edib

Gəncə Şərq memarlıq üslubu ilə Qərb modernizmini üzvi şəkildə birləşdirən şəhərlərindən birinə çevrilmişdir

Bakı. 4 may. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev "Gəncə - 2016-cı il Avropa gənclər paytaxtı" layihəsinin açılış mərasiminin iştirakçılarını təbrik edib. "Report"un məlumatına görə, təbrik məktubunda deyilir: 

"Hörmətli toplantı iştirakçıları! Gəncə şəhərinin "2016-cı il Avropa gənclər paytaxtı" seçilməsi münasibətilə hər birinizi və sizin simanızda bütün gənclərimizi səmimi qəlbdən təbrik edirəm. Avropanın müxtəlif ölkələrini təmsil edən qonaqları salamlayır, "Azərbaycana xoş gəlmisiniz!" deyirəm.

Korifey sənətkarların, görkəmli elm və dövlət xadimlərinin yurdu olan Gəncə öz zəngin keçmişi, təkrarolunmaz maddi və mənəvi mədəniyyət abidələri ilə məşhurdur. Son illər həyata keçirilən tədbirlər nəticəsində bu tarixi diyarın görkəmi xeyli dəyişmiş, infrastrukturu əsaslı şəkildə yenilənmişdir. Gəncə Azərbaycanın qədimliklə müasirliyi, Şərq memarlıq üslubu ilə Qərb modernizmini üzvi şəkildə birləşdirən şəhərlərindən birinə çevrilmişdir.

Avropa ilə Asiyanın, xristian və müsəlman sivilizasiyalarının qovuşduğu məkanda yerləşən Azərbaycan Respublikası unikal coğrafi mövqeyə malikdir. Tolerantlıq və multikulturalizm bütün tarix boyu çoxmillətli və çoxkonfessiyalı cəmiyyətimizin ayrılmaz dəyərləri olmuşdur. Azərbaycan dünyanın nadir ölkələrindəndir ki, eyni zamanda həm İslam Əməkdaşlıq Təşkilatının, həm də Avropa Şurasının üzvüdür. Bu baxımdan, Gəncənin "Avropa gənclər paytaxtı" seçilməsi tamamilə təbii və qanunauyğun bir haldır. Şübhəsiz, şəhərimizin belə nüfuzlu ada layiq görülməsində gənclər siyasəti sahəsində qazanılmış uğurlar, ölkəmizdəki gənclər təşkilatlarının uyğun profilli beynəlxalq platformalarla sıx əməkdaşlığı, region, qitə və dünya miqyaslı tədbirlərə yüksək səviyyədə ev sahibliyi etməyimiz də mühüm rol oynayıb.

2016-cı il ərzində Gəncə ölkə və qitə gənclərinin ən çox üz tutacağı, layihə həyata keçirəcəyi məkanlardan biri olacaq. Bu isə Azərbaycanla bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması, tarix və mədəniyyətimizin, müstəqillik illərində qazandığımız nailiyyətlərin təbliği baxımından müstəsna əhəmiyyət kəsb edəcəkdir. Mən Gəncədəki tədbirlərin reallaşmasına kömək göstərmək məqsədilə xüsusi sərəncam imzalamış, aidiyyəti nazirliklərə, dövlət komitələrinə və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fonduna müvafiq tapşırıqlar vermişəm. Şübhə etmirəm ki, nəzərdə tutulmuş bütün layihələr dövlət orqanlarının və qeyri-hökumət təşkilatlarının birgə səyi ilə yüksək səviyyədə icra ediləcək, Gəncə şəhəri "Avropa gənclər paytaxtı" adına layiq olduğunu əyani şəkildə nümayiş etdirəcəkdir. Bu yolda hamınıza uğurlar arzulayıram".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi