Bakı. 26 may. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mayın 26-da “Dalğa Beach-Aqua Park” ailəvi istirahət mərkəzinin açılışında iştirak ediblər.
"Report" xəbər verir ki, Bakıda daha bir müasir istirahət və əyləncə mərkəzi istifadəyə verilib. Paytaxtın Xəzər rayonunun Mərdəkan qəsəbəsində yeni inşa edilmiş “Dalğa Beach-Aqua Park” xidmətinin müxtəlifliyi və quruluşunun cazibədarlığı ilə fərqlənəcək.
Ailəvi istirahət parkında yaradılan şəraitlə bağlı dövlət başçısına məlumat verilib. Qeyd edilib ki, “Dalğa Beach-Aqua Park” ailəvi istirahət mərkəzinin ümumi sahəsi 68 min kvadratmetrdir. Ərazisinə görə bu, Azərbaycanda ən böyük Aqua Parkdır.
Qonaqların istirahətinin mənalı təşkili üçün ərazidə hər şey yüksək zövqlə tərtib olunub. Rəngarəng yaşıllıq nümunələri, hovuzların əlverişli arxitektura ilə salınması istirahət üçün buraya üz tutanlarda gözəl əhval-ruhiyyə yaradacaq. İstirahət mərkəzinə gələnlərə buradakı restoranlarda Azərbaycan və dünya mətbəxinin nümunələri, həmçinin dəniz məhsullarından hazırlanmış müxtəlif çeşidli yeməklər təklif olunacaq. Yeni istirahət mərkəzini fərqləndirən əsas cəhətlərdən biri burada daimi fəaliyyət göstərəcək su atraksionudur. Ölkəmizdə ilk dəfə nümayiş etdirilən bu əyləncə növü nadirliyi ilə seçilir.
Dövlət başçısı və xanımı dənizin içində inşa edilmiş “Mayak” restoranında da olublar. Bu iaşə obyekti xidmətin orijinal təşkili ilə yanaşı, Bakının köhnə mayaklarının arxitektura üslubunda tikilməsi ilə də diqqəti cəlb edir. Buradan Xəzərə açılan mənzərə istirahətə gələnlərdə xoş ovqat yaradacaq.
İstirahət mərkəzində 26 min kvadratmetr sahəsi olan çimərlik zonası da yaradılıb.
“Dalğa Beach-Aqua Park” ailəvi kompleksdə VIP-house da inşa olunub. Burada müştərilərin rahatlığını tam təmin etmək məqsədilə hərtərəfli şərait yaradılıb. VIP-house-un pəncərələrindən Xəzər dənizinə və istirahət mərkəzinə gözəl mənzərə açılır.
Təmiz hava və füsunkar dəniz mənzərəsinə malik “Dalğa Beach-Aqua Park” ailəvi istirahət mərkəzi yerli və xarici turistlərin sevimli əyləncə və istirahət məkanına çevriləcək. Bu obyektin istifadəyə verilməsi Bakının turizm potensialını artırmaq və şəhərimizə gələn qonaqların istirahətini mənalı təşkil etmək baxımından da mühüm əhəmiyyət daşıyır. Belə müasir infrastrukturla təchiz edilən ailəvi istirahət məkanının “Bakı 2015” İlk Avropa Oyunları ərəfəsində açılması bu yarışlarla bağlı paytaxtımıza gələn turistlərdə ölkəmiz haqqında yaranacaq təəssüratları daha da zənginləşdirəcək.